ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikası Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/1 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 2 fevral 2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.
Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, “Texnikabank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcəkdir.
Bundan əvvəl isə daha 6 bankın lisenziyası ləğv olunub.
ANS PRESS-in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 və 07/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib.
"Atrabank” ASC-nin ofisi
AMB-nin məlumata görə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 27.01.2016-cı il tarixdən banklara müvəqqəti inzibatçı təyin edilib.
Mərkəzi Bank bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və Fond tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/1 və 06/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC-nin bank lisenziyaları ləğv edilib.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 26.01.2016-cı il tarixdən banklara müvəqqəti inzibatçı təyin edilib.
Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, “NBCBank” ASC və “Yunayted Kredit Bank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcəkdir.
“Yunayted Kredit Bank”ın ofisi
Azərbaycan Mərkəzi Bankı tərəfindən yanvarın 22-də "Gəncə Bank" ASC-nin və yanvarın 18-də isə "Bank of Azerbaijan"ın lisenziyası ləğv olunub.
Hər 2 bankın lisenziyası məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə ləğv edilib.