“Sən Atan Raqufun əmanətisən” - Şəhid xanımının oğluna ad günü təbriki - FOTO
Bu gün şəhid polkovnik-leytenant Raquf Orucovun oğlunun doğum günüdür.
Gun24.az xəbər verir ki, mərhumun Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova oğlunu 20 yaşı münasibəti ilə tərbik edib. Sosial şəbəkədə yazılan təbrik izləyicilərdə ürək ağrısı ilə qarşılanıb:
“20 il əvvəl sən doğulanda biz atanla, sənə xoşbəxt, müharibəsiz, qansız, acısız bir gələcək bəxş edəcəyimizə söz vermişdik. Lakin düşünməmişdik ki, sən bir hərbçi ailəsinin övladısan.
Sənin uşaqlığın, təhsilin, əyləncən adi uşaqlarınkından xeyli fərqlənəcəkdi. Sənin körpəliyin Murov dağ ətəyində, uşaqlığın Haramı düzündə, yeniyetməliyin doğma yurdumuz Ağdamın cəbhə kəndində, gəncliyin isə Sumqayıt Şəhidlər Xiyabanına yol qət etməklə keçdi”.
Şəhid xanımı daha sonra arzularını dilə gətirib:
Bu həyat yolu bir hərbçi övladının alın yazısıdır, məncə. Amma biz bütün məhrumiyyətlərə, çətin həyat şəraitinə qatlanmağa sevə-sevə hazır idik, təki Atamız sağ olsun, deyirdik.
Təəssüf ki, sənin atanın yurdunun talanması, doğmalarının şəhid edilməsi ilə başlanan bu qanlı müharibə tək sevincini - Atanı da bizlərdən aldı.
Doğum günlərini 4 ildir Raqufsuz, adi günlər kimi qeyd edirik . Sənə xoşbəxt gələcəyi bəxş edə bilməsək də, həsrətlə yüklənsən də, 20 yaşında sənə yalnız bir arzumu çatdırmaq istəyirəm.
Sən Atan Raqufun əmanətisən, Atan kimi doğrularından, əqidəndən heç vaxt dönmə! Vətənimizə, elimizə layiqli vətən oğlu ol! O gün olsun bu müharibəni qalibiyyətlə bitirək və Şəhidlər Xiyabanına atamızın hüzuruna başı dik gedək!”
Xatırladaq ki, 2016-cı ilin aprel ayının əvvəlindən polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılıb. Aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb.