Zelenskinin bir günü: Neçə saat yatır, sui-qəsdlərdən necə xilas olur, ailəsi haradadır?
Rusiya-Ukrayna müharibəsinin başlamasından 5 həftə keçir. Bir tərəfdən sülh danışıqları, digər tərəfdən isə münaqişələr davam edir. Qarşı-qarşıya gələn ölkələrin liderləri isə hazırda dünyanın ən çox müzakirə etdiyi şəxslərdir.
Lunar.az sfera.az-a istinadla xəbər verir ki, Putin sərt reaksiyalar aldığı halda, Ukrayna lideri Zelenski "komediyaçı prezident" imicindən qurtularaq beynəlxalq qəhrəmana çevrilib.
Bəs Zelenski bir gününü necə keçirir?
Sfera.az bildirir ki, Ukrayna prezidenti gündə cəmi iki saat yatır, günlərini güclü mühafizə olunan bunkerdə keçirir. Zelenskinin metal üzlüklü bunkerini snayperlər qoruyur. Bunkerdə, həmçinin raketlərə qarşı hava hücumundan müdafiə sistemi də var. Lakin Zelenski üç-dörd gündən bunker qəlibini qıraraq buradan kənarda da görünür. Səlahiyyətli şəxslər bunun səbəbini Ukrayna liderinin vəziyyəti öz gözləri ilə görmək istəməsi ilə əlaqələndirirlər.
"Economist" jurnalına müsahibə verən zaman Zelenski, zaman-zaman bunkerdən çıxmağın vacibliyini vurğulayaraq, Putinin 20 ilə yaxındır ki, sığınacaqda gizlənərək yaşadığını nəzərdə tutub:
"3-4 gün sığınacaqdan çıxmasam, dünyada nə baş verdiyini anlaya bilmərəm".
Prezidentin ailəsi haradadır?
Zelenskinin ailəsinin harada olduğu bilinmir. Müharibənin ilk günlərində o, özünün və ailəsinin rus qatillərinin ilk hədəfi olduğunu bəyan edib. Birinci xanım və Zelenskinin iki övladının Ukrayna sərhədləri daxilində naməlum yerdə gizləndiyi və mühafizə edildiyi təxmin edilir.
Bütün bu hadisələr baş verərkən Zelenskinin ailəsini görə bildiyi də məlum deyil. Onun həyat yoldaşı 44 yaşlı Yelena, 17 yaşlı qızı Oleksandra və 9 yaşlı oğlu Kirilo ilə sonuncu dəfə nə vaxt üz-üzə gəldiyi haqqında bilgi yoxdur. Bu yaxınlarda "CNN"ə müsahibə verən Ukrayna lideri ailəsi ilə vaxtaşırı danışa biləcəyini desə də, təfərrüatları açıqlamaqdan imtina edib.
Ukraynanın birinci xanımı Olena Zelenska isə müharibə başlayandan bəri sosial mediada çox aktivdir. Daim ölkəsindəki vəziyyəti paylaşan Olena dünyaya yardım çağırışı da edir. "ABC New" telekanalına danışan birinci xanım ərinin həyatı üçün narahat olduğunu bildirmişdi.
Kritik anlarda uğurlu çıxışlar
Praqda bir universitetdə rusşünaslıq üzrə müəllim işləyən politoloq Aleksandr Morozov Zelenskinin rusiyalı jurnalistlərə verdiyi müsahibədən sonra bu fikirləri qeyd edib:
"Bu müsahibə böyük uğurdur. Aydındır ki, Zelenski bir ay ərzində gündə iki saatdan artıq yatmayıb. O, hətta kritik yuxusuzluq vəziyyətində olanda da çıxıb müsahibə verə bildi. Bu cür stressi 30 gün fasiləsiz yaşamaq çox çətindir. Üstəlik, bu vəziyyət insanı asanlıqla nifrətə sövq etsə də, Zelenski insani cəhətləri önə çəkir. O, açıq və səmimi danışır".
Qeyd edək ki, Zelenskinin müharibə başlayandan bəri dəfələrlə sui-qəsd cəhdindən sağ çıxdığı iddia edilir.