Onlara verilən fəxri adlardan məhrum edilə bilərlər
Rusiya Dövlət Duması ölkənin Ukraynada həyata keçirdiyi hərbi əməliyyatları tənqid edən sənətçilərin cəzalandırılması ilə bağlı növbəti təklif irəli sürülüb. Daha əvvəl hərbi əməliyyatı dəstəkləməyən mədəniyyət xadimlərinin istefaya göndərməsi tələb olunurdusa, indi ümumiyyətlə həmin şəxslərin dövlət mükafatları və fəxri adlardan məhrum edilməsi istənilir.
Axşam.az rus mediasına istinadən xəbər verir ki, Dumasının Əmək, Sosial Siyasət və Veteranlarla İş üzrə Komitəsinin üzvü Yekaterina Stenyakina Rusiya Prezidenti yanında dövlət mükafatları komissiyasına həmin şəxsləri dövlət mükafatlarından və fəxri adlarından məhrum etmək imkanı yaratmaqla bağlı təklif ünvanlayıb.
“Rusiyaya qarşı yönələn sanksiyalar və informasiya təzyiqi şəraitində bu cür hallar ən azı qəbuledilməzdir. Onlar aldıqları mükafatların yüksək statusuna uyğun gəlməyən ifadələrə yol veriblər" - deyə, Stenyakina çıxışı zamanı bildirib.
O xatırladıb ki, Rusiya əleyhinə çıxış edən yumorist Maksim Qalkinin “İnam və xeyirxahlığa görə” medalı, “Dostluq” ordeni, Kuzbassın “Şərəf” ordeni, musiqiçi Boris Qrebenşçikovun isə IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, hazırda Rusiyada mövcud olan qanunvericiliyə görə, dövlət mükafatından və ya fəxri addan məhrum etmə proseduru yalnız ağır cinayət törətmiş şəxslərə şamil edilir.