Rusiyalı və ukraynalı məşhurların müharibə paylaşımı - Fotolar
Rusiyalı və ukraynalı məşhurlar ölkələri arasında baş verən müharibəni qınayıblar.
Lunar.az xəbər verir ki, onlar sosial media hesablarında bununla bağlı paylaşımlar ediblər.
Ukraynalı müğənni, bəstəkar Svetlana Loboda paylaşımında "Ürəyim parçalanır. Səhər saat 5-dən ailəm və dostlarımla əlaqə saxlayıram. Bu, necə mümkündür?! Ya Rəbb, bütün bunları dayandır. Mən sadəcə ağlayıram” sözlərini yazıb.
Axşam.az
“Səhər tezdən Ukraynadan olan qohumlarım və dostlarımla əlaqə saxlayıram. Hisslərimi sözlə ifadə edə bilmirəm. Bu necə mümkündür? Müharibəyə heç bir bəraət qazandırmaq olmaz. Müharibəyə yox!" - deyə, rusiyalı şoumen və teleaparıcı Maksim Qalkin instaqram hesabında qeyd edib.
Ukraynalı müğənni Nastya Kamenskix isə hisslərini bu sözlərlə ifadə edib:
“Ukrayna sülh tərəfdarıdır. Bu çətin günlərdə güclü qalırıq və ölkəmiz üçün dua edirik. Biz Ukraynayıq!”.
Rusiyanın əməkdar artisti Jasmin Rusiya və Ukrayna bayraqları rənglərində boyanmış əllərlə göyərçin tutulan şəkli paylaşaraq "Necə qorxulu ...", qısa şərhini əlavə edib.
"Uşaqlarımız. Onların gözlərinə necə baxacağıq? Siz hakimiyyətə, pula həris olanlar, qanla qazandığınız brilyantlarınızı hara aparacaqsınız? Müharibəyə yox!" - sözlərini isə ukraynalı estrada müğənnisi Anna Sedokova instaqram hesabında yazıb.
Rusiyanın “Avroviziya 2021” beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi, müğənni Manija isə bu fikirləri qeyd edib:
“Bu səhər oyanmağımıza peşman olduğunuz səhərdir. Hara gedəcəyinizi, kimə kömək edəcəyinizi bilmirsiniz. Çarpayının küncündə oturub ağlayıram. Ağlayıram, çünki bu mənim seçimim deyil. İndiki təcavüz mənim istəyimə, ailəmin iradəsinə ziddir. Hesab edirəm ki, bu, xalqlarımızın iradəsinə ziddir. Ailəmdə də ukraynalılar var. Mənim gəlinim Ukraynadandır. Gələcək ərim də yarı ukraynalıdır. Yaxın dostlarım ukraynalıdır. Rusiya və Ukrayna sadəcə iki ölkə deyil, biz qohumuq. Aramızdakı istənilən müharibə qardaş qırğınıdır. Amma indi hamımız çox diqqətli olmalıyıq. Çaxnaşma və məlumat manipulyasiyasına təslim olmayın. İndi hər hansı bir yanlış hərəkət və ya söz ölümcül ola bilər”.
Rusiyalı teatr aktrisası, teleaparıcı Katerina Şpitsa babası ilə olan arxiv fotosunu paylaşıb və bu şərhi əlavə edib:
“Bu gün həyatımda ilk gündür ki, fikirləşirdim ə yaxşı nənəm bu günə qədər yaşamadı. Saat 7:30-da oyandım, təxminən 8-də telefonu açdım, indi hər şeyi oxuyuram. Hərflər gözümün önündə dayanır, amma oxumağı unutmuşam deyəsən. Ailəmin yarısı Kiyevdə və Zaporojyedədir”.
Rusiyanın əməkdar artisti Valeri Meladze Ukraynadakı hərbi əməliyyatlarla bağlı videomüraciət paylaşıb:
“Bu gün elə bir hadisə baş verdi ki, ola bilməzdi və heç vaxt da olmamalı idi. Tarix nə vaxtsa hər şeyi mühakimə edəcək və öz yerinə qoyacaq. Sizdən hərbi əməliyyatları dayandırmağı, danışıqlar masasına əyləşməyinizi xahiş edirəm. İnsanlar danışıqlar aparmağı bacarmalıdır, bunun üçün bizə dil verilib. İnsanlar ölməməlidir. Buna son qoymaq lazımdır”.