Hüsniyədən şagirdi döyən direktoru dəstəkləyənlərə: "Biz də şillə vuraq"
Aparıcı Hüsniyə Məhərrəmova instaqram hesabında məktəb direktorunun şagirdi döyməsinə haqq qazandıranları tənqid edib.
Lunar.az xəbər verir ki, o, ironik yanaşmasında bu fikirləri burğulayıb:
"Yol hərəkəti qaydalarını pozarkən Yol Polisi bizə cərimə yazmaq əvəzinə qəşəng bir şillə vursun (əminəm çoxu buna sevinər). Vergiləri vaxtı vaxtında ödəməyəndə iqtisadiyyat naziri gəlsin bizə müqəddəs əlləri ilə bir Həzrət Abbas şilləsi vursun. Növbədə dura bilmirik, mədəniyyətsizik, valideynlərimiz bizi öyrətməyib ki, adam gözləyər, növbəsiz özünü soxmaz, ona görə təklif edirəm kassir də hər dəfə gəlib bizə bir şillə vursun. Avaralıqla məşğul olanda, polis İnzibati Xətalar Məcəlləsinin 307-ci maddəsindəki xəbərdarlıq və on günədək müddətə inzibati həbsin yerinə, gəlsin bir dənə yağlı şillə vursun getsin.
İşi vaxtında təhvil verməyəndə, "deadlin"ı keçəndə müdir bizə şillə vursun. Restoranda ofisianta az çaypulu qoyanda, o da gəlsin bizə şillə vursun. Maaşımızı kəsəndə, müdir bizi işdən çıxaranda, daha keçib, gedək biz də bir dənə şillə vuraq...".
Hüsniyə direktorun tərəfini tutanların dediklərindən istinad gətirərək bu ifadələri əlavə edib:
"Bizi də müəllim döyüb də, söyüb də, zərimiz tökülməyib ki...", "Ağbirçək şilləsidir də, nə şişirdirsiz", "Guya bizi döyməyiblər, nolsun ki, tərbiyə edir", "Bəzi uşaqlar tərbiyəsizdi, onları elə vurmaq lazımdır ki, ağılları başına gəlsin" və sair bu kimi şərh yazan homonoidlər - xəstə, yaltaq və qorxaq cəmiyyətin kökləri elə sizmişsiniz ki...".
Qeyd edək ki, bir müddət əvvəl aparıcı Turan İbrahimov da paylaşım edərək şagirdləri döyən direktora haqq qazandırmışdı.