-
Facebook
-
- ► Şou-biznes
- Baxis 4 104
- 12-06-2020, 22:20
-
"Oğlumun Azərbaycanda, yaxud xaricdə olduğunu bilmirəm, atasıyla qalır, qızım mənimlədir" - Aynur
Lunar.az ölkə.az-a istinadən müğənni Aynur Dadaşova ilə müsahibəni təqdim edir:
- Aynur xanım, müsahibəmizi ənənəvi sualla başlamaq istərdim. Özünüzü üç kəlmə ilə necə ifadə edərdiniz? Əslində, Aynur Dadaşova kimdir?
-Saf bir insan.
- Bəzən deyirlər saf insanlar çox tez aldanır. Saflığınız həyatda sizə maneçilik törədirmi?
- Bilirsiniz, insanın qəlbi təmiz olanda başqa cür alınmır. Mən bu cür insanam. Maneçilik deyəndə ki, belə bir situasiyayla hələ ki, üzləşməmişəm.
- Karyeranıza başlayandan bəri sənətinizi müəyyən fasilələrlə davam etdirirsiniz. Hətta, bəziləri sizi buna görə tənqid də etdi. Bu fasilələr hansı səbəbdən yarandı?
- Xüsusi səbəbi yox idi. Uşaqlar mənim üçün darıxırdılar, həm ana qayğısı istəyirdilər, həm də, açığı desəm, çox yorulmuşdum. Artıq 30 ildir bu sənətdəyəm, bütün günü el şənlikləri və konsertlərdə olurdum, evə gec gəlirdim. Bu zaman insan özünə vaxt ayıra bilmir. Bu sənətdə olan hər kəs bunu bilir. Məclisə gedirsənsə, evə ən tez gecə 12-də qayıda bilirsən. Rayonlarda olanda isə bu lap çətin olur, gedib-qayıtmağa 1 gün vaxt lazım olur. Bu səbəbdən də insan ailəsinə, doğmalarına vaxt ayıra bilmir, onlarla istədiyi qədər birlikdə ola bilmir.
-Yəni o qədər yorulmuşdunuz ki, fasilə bir neçə il davam etdi?
- Bizdə belə deyirlər. Çox uzağa getməyək, elə qardaş ölkə Türkiyəni götürək. Orada bir müğənni mahnı hazırlayanda bu 5-6 il vaxt aparır. Bizim tamaşaçılarımız isə müğənnini tez-tez görməyə alışıblar. Bir müddət görünməyəndə hamı təəccüblənir ki, görəsən bu ifaçı haradadır? Yəni müğənni də insandır, hər gün konsertlər, şənliklər olanda, o da yorulur. Mən də özümə vaxt ayırmalıyam.
- Bu yorğunluq fiziki idi, yoxsa mənəvi?
- Yox, mən insanlardan heç vaxt yorulmaram. Çünki, daim ünvanıma gözəl sözlər deyirlər, məni tərifləyirlər. Bunlar insanı heç zaman yormur, ona daha da güc-qüvvət verir. Bu, mənim üçün çox xoşdur. Sadəcə, fiziki yorğun idim. Müğənnilik kənardan asan görünə bilər, amma bu, belə deyil. Bəzən deyirlər, nədir ki, gəldi, oxudu, pulunu aldı, getdi. Ancaq düşünmürlər ki, biz səhnədə can qoyuruq, enerji sərf edirik.
-Sizcə, bu fasilələr olmasaydı, sənətdə daha irəli gedərdiniz?
-Yox, əsla. Mənim bir düşüncəm var - hər işdə bir xeyir var. Demək, mənim üçün belə xeyirli imiş. Bəlkə də 6 il fasilə olmasaydı, insanlar tərəfindən bu qədər sevilməzdim. Mən qismətə inanıram. Bəlkə elə hansısa bir tədbirə gedəndə, yolda qəzaya düşəcəkdim. Demək, bu, Allah tərəfindən yazılan bir yazı idi ki, mən 6 il sənətimdən ayrı qalmalı idim.
- Sizdən sonra sənətə gələn bəzi müğənnilər var ki, fəxri adları var. Sizcə, niyə indiyə qədər sizi fəxri ada layiq görməyiblər?
- Bunu mənə tamaşaçılar da çox sual verir. Bu da bir qismətdir. Mən də bu sənətdə bir çox işlər görmüşəm. 12 yaşımdan cəbhə bölgələrində olmuşam. Orada başqa bir təmənna güdməmişəm. İndiki günə qədər mən əsgərlərimiz üçün konsertlər verirəm. Ümumiyyətlə, bu barədə çox fikirləşmirəm. Düşünürəm ki, bir ifaçı kimi bu mənim borcumdur. İnanıram ki, vaxt gələndə mən də dövlət tərəfindən qiymətləndiriləcəyəm. Açığını desəm, fəxri adın düşkünü deyiləm, arxası ilə qaçmıram ki, mütləq bu ada sahib olmalıyam. Əgər qismətimdə varsa, olacaq, yoxdursa, olmayacaq.
- Son zamanlar şayiələr yayılıb ki, indiyədək fəxri adlar müəyyən məbləğ müqabilində satılıb. Sizə heç belə bir təklif olunub?
-Yox, mənə belə bir təklif olmayıb. Ümumiyyətlə, bu barədə danışmağa bir az çəkinmişəm. Məndən böyük sənətkarlar var. İllərlə bu sənətə can qoyublar, ancaq fəxri adları yoxdur. Muğam ifaçısı var ki, ağsaqqal insandır, heç əməkdar artist deyil. O insanlara verilməyibsə, mən nə deyə bilərəm?
- Bəzi sənət nümayəndələri oğlanlarına heç vaxt müğənni qız almayacaqlarını açıqlayıblar. Mənə maraqlıdır siz bu barədə nə düşünürsünüz?
- Gəlin, bir anlıq sənəti qoyaq qırağa. Bir çox ailələr var ki, deyir, yox, mənim oğlum bu qızla evlənə bilməz, və ya mənim qızım bu şəxsə ərə gedə bilməz. Çox vaxt ailələrin dağılması da bu səbəbdən olur. Çünki cavanlara öz sevdikləri ilə ailə qurmağa imkan vermirlər. Əgər mənim övladım müğənni xanımla xoşbəxtdirsə, niyə də olmasın? Onunla əsl sevgi yaşayacaqsa, mənim buna qarışmağa haqqım yoxdur. Sadəcə, belə ailələrdə qısqanclıq çox olur, çünki bayaq qeyd etmişdim ki, müğənni ailəyə çox vaxt ayıra bilmir.
-Sənət aləmində ailəvi dostluq etdiyiniz, dərdinizi bölüşəcək bir həmkarınız varmı?
- Xeyr, illərdir bu sənətdəyəm, bu illər ərzində nə mən bir müğənninin evinə getmişəm, nə də onlar bizə gəlib. Heç biri ilə də rəfiqəlik etməmişəm. Şahidi olduğum bir hadisəni danışım sizə. Bir gün bir müğənni başqa bir həmkarının arxasınca danışırdı, onu pisləyirdi. Orada da bir neçə müğənni vardı. Aradan 15 dəqiqə keçdi, arxasınca danışdığı müğənni otağa daxil oldu, həmin bu müğənni isə qalxaraq onu qucaqlayıb "bacı" dedi. Bu, məni həm təəccübləndirdi, həm də sarsıtdı. Ona görə də ətrafımdakı insanları məsafəli tuturam. Çünki insanlara inamım yoxdur.
- Hazırda müğənnilər bir mahnıya 5000-6000 manat pul xərclədiklərini deyirlər. Sizcə, bir mahnıya bu qədər məbləğ ödəmək olar?
- Mən sizə bir həqiqəti açıqlayım. Bəli, lazımdır. Əgər bir mahnının uğurlu alınmağını istəyirsizsə, bu, mütləqdir. Mən buna görə hətta bir neçə bankdan kredit götürüüb yeni mahnılar almışam. Çünki, müğənni kimi bir parça çörək qazanmaq, Aynur Dadaşova kimi sevilmək istəyirəmsə, bunu etməliyəm. Efirlərə çıxmalısan, mahnılar aranjiman etdirməlisən, bunun hamısı pul tələb edir.
- Bəs, xərclədiyinizin müqabilində qazancınız oldum?
- Allah bərəkət versin. Yavaş-yavaş qazandıqca banklara olan borcumu ödəyirəm.
- Mahnılardan söz düşmüşkən, bir müddət əvvəl efirdə bununla bağlı problem yaşamışdınız. Hansısa bir mahnıya görə ödəmə etmədiyiniz iddia olunmuşdu. O məsələnin sonu necə oldu?
- Bu mənimlə olan bir problem deyildi. O bəstəkarla Nazilə (Səfərli) xanımın arasında olan bir anlaşılmazlıq idi. Mənim bu məsələ ilə əlaqəm yox idi.
- Bunun efirdə müzakirə edilməsi nə dərəcədə doğru idi?
- Hər kəsin öz fikri var. Sənət camiəmizdə olan insanlara baxıram ki, gündəmdə olmaq üçün hər bir rola girirlər. Mənim fikrimcə, bu, düzgün deyil. Əsas reytinq deyil, hörməti qoruyub saxlamaq lazımdır. O qalmaqalla sən 3-5 gün gündəmdə ola bilərsən, ancaq qazanılan hörmət səninlə uzun illər çiyin-çiyinə addımlayacaq.
- Bir müddət əvvəl xanəndələrdən biri bəzi kişi müğənnilərin toylara apardıqları qadın ifaçıları satdıqlarını açıqlayıb. İstərdim bu məsələyə fikir bildirəsiniz? Siz də illərlə el şənliklərində iştirak edirsiniz. Nə vaxtsa belə bir situasiya ilə üzləşmisiniz?
- Yox, mən belə bir məsələ ilə heç vaxt qarşılaşmamışam. Düşünürlər ki, bəlkə, belə bir şey olar. Yaxşı, əgər həqiqətən də belə bir şey varsa, onda niyə məclislərdə iştirak edirlər? Bu, həqiqətə uyğun deyil. Təkcə bu məsələ deyil. Bir də görürsən adicə bir kişi müğənnisi ilə toya gedən qadın ifaçı haqqında deyirlər ki, sevgilidirlər. Bu, düzgün deyil. Belə şayiələri yayanlar düşünməlidirlər ki, kiminsə ailəsinə söz-söhbət sala bilərlər. Burada insanın davranışı, özünü aparmağı böyük əhəmiyyət kəsb edir. İnsanı geyiminə görə qarşılayar, ağlına görə yola salarlar. Bu da belə bir vəziyyətdir. Bir dəfə xarici ölkəyə toya getmişdik, anam da mənimlə idi. Bir çox müğənnilərimiz orada iştirak edirdilər. İnandırım sizi, məclisdən sonra Qədir Qızılsəs anama belə bir övlad tərbiyə etdiyinə görə təşəkkür etdi. Düzü, orada nə baş verdiyini bilmədim, ancaq Qədir müəllim bu sözləri anama dedi. On iki yaşımdan el şənliklərində iştirak etmişəm. Bu müddət ərzində mən heç kimdən nə artıq hərəkət görmüşəm, nə də xoşagəlməz söz eşitmişəm. Deyiləndə də düşünürəm ki, bunu reklam xətrinə edirlər.
-Hazırda sosial şəbəkələr çox populyardır. Hətta bir çox tanınmışlar izləyici sayına görə bir-birləri ilə bəhsə də girir. Sizdə vəziyyət necədir?
- Yox, mən buna görə heç kimlə bəhsə girib, acıq vermirəm. Bəziləri deyir, mən populyaram, ulduzam. Ancaq o insan özü belə düşünür. Əsas insanların sənə göstərdikləri sevgidir, burada söhbət canlı ünsiyyətdən gedir. Virtuallıq bir az saxtakarlıqdır, onda insan özü-özünü aldadır. Məsələn, deyirlər, mənim bu qədər izləyicim var, ancaq mənim fikrimcə, əsas canlı olaraq gördüyün insanlardır.
- Hətta bəzi tanınmışlar pul ödəyərək, proqram vasitəsilə izləyici sayını artırır...
- Məndə olan "İnstagram" izləyiciləri real insanlardır. Orada saxtakarlıqdan söz gedə bilməz. Səhifəmə baxanda, mənə qarşı həqiqi tamaşaçı sevgisi olduğunu hiss edirəm. Artıq 2 ildir ki, "İnstagram" səhifəmi açmışam, 500.000 izləyicim var. Ümid edirəm ki, 2 ilə bu rəqəm 1.000.000 olar. İzləyici sayı, paylaşımlarıma baxış sayı çox olsun, bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur, əsas real insanlar olsun. Çünki, insan bu zaman tamaşaçını deyil, özünü aldadır.
- Səhifənizdə hansısa məhsulu və ya məkanı reklam edib pul qazanırsız? Sizə belə təkliflər olur?
- Mən səhifəmdə reklam edəndə heç bir təmənna güdmürəm. Düşünürəm ki, qoy onlar da 5 manat ruzisini qazansın. Bir xanımın çox qəşəng əl işləri vardı, mənə təklif etdi ki, sizə bir məhsulumu hədiyyə edəcəm, siz də bunu səhifənizdə reklam edin. Mən buna razı olmadım. O yolladığı köynəyin pulunu ödədim və ödənişsiz səhifəmdə də reklam etdim. Xanıma dəstək oldum ki, qoy o da balalarının ruzisini qazansın. İnsan insana yaxşılıq edər. Elə də olur ki, hansısa bir məkanın açılışına dəvət edirlər, digər müğənnilər kimi mən də qonarar qarşılığında orada iştirak edirəm. Bir dəfə bir məhsulu reklam etdim, ancaq sonradan keyfiyyətsiz olduğunu gördüm. Dərhal o məhsulun reklamını səhifəmdən sildim. Mən insanları aldada bilmərəm.
- Bəs "Youtube" kanalından hansısa qazancınız olur?
- Yox, vallah qazanmıram. Oradakı səhifəmi televiziyada işləyən bir insan idarə edir. Düzünü desəm, mənim bu cür şeylərdən başım çıxmır (gülür). Qoy, hamı qazansın.
- Bir çox məşhurlar, nəinki Azərbaycanda, bütün dünyada şəxsi həyatlarını üzdə yaşayır. Hətta bu yolla özlərini reklam etməkdən də çəkinmirlər. Amma siz fərqlisiniz. Demək olar ki, sizin şəxsi həyatınız barədə tamaşaçı heç nə bilmir. Bu da zamanla cəmiyyətdə barənizdə müxtəlif şayiələrin yayılmasına səbəb olur. Bir müddət öncə boşanmanız haqqında da xəbərlər yayılmışdı.
- Bu şayiə deyil, mən artıq 3 ildir boşanmışam. Əslində, bu barədə açıqlama vermək istəmirdim, amma sonra düşündüm ki, deməsəm, tamaşaçıları aldatmış olaram. Ayrılmağıma müəyyən səbəblər vardı. Bəlkə də bu sevgimin həddindən artıq çox olmasından baş verdi. Bizim bir-birimizə olan sevgimiz çox güclü idi. İnsanda bir hiss həddindən artıq güclü olanda dağıdıcı olur. Həm özünə, həm də qarşı tərəfə əziyyət verirsən. Bizdə də belə idi, səbəbsiz qısqanclıq, hər gün lüzumsuz suallar. Hardasan, kiminləsən?.. O, iş adamı idi. Baxdım ki, bu bizim hər ikimizə də əziyyətdir. Övladlarım vardı, onları da düşünməli idim. Axırıncı dəfə məni qıcolma tutdu, vəziyyətim pisləşdi, özümə gələndən sonra düşündüm ki, bu işin sonu ölüm ola bilər. Sonda qərar verdik ki, ayrılaq.
-Hazırda münasibətləriniz necədir?
- Bizim övladlarımız var. Oğlum atası ilə qalır, qızım isə mənimlədir. Oğlumun 16, qızımın 7 yaşı var. Ata kimi qızının qayğısına qalır, düşmən münasibətində deyilik.
- Oğlunuz Azərbaycandadır, yoxsa?
- Sizə həqiqəti söyləyəcəm, bu haqda çox məlumatım yoxdur. Onu bilirəm ki, təhsili, yaşayış şəraiti çox yaxşıdır.
- Belə başa düşdüm ki, oğlunuzla görüşmürsüz?
- Yox, görüşmürəm. O, ümumiyyətlə erkən yaşlarından idman yarışları ilə bağlı təkbaşına xarici ölkələrə səfər edirdi. Oğlum kiçiklikdən sərbəstliyə öyrəşib.
- Telefonla danışmırsız?
- Arada danışırıq, o, mənim övladımdır.
- İstərdim bir az da yaradıcılığınızdan danışaq, hansı yenilikləriniz var?
- Bir klip çəkdirməyi çox istəyirəm. Ölkədə mövcud vəziyyətlə bağlı bəzi çəkilişlərimizi təxirə salmışıq. İnşallah, sentyabrda vəziyyət normallaşsa, işlərimə qaldığım yerdən davam edəcəyəm.
- Sizin o zamanlar Rüfət Axundovla bir duetiniz vardı, "Ölənəcən gözləyəcəm"...
- Bir çox həmkarlarımla - Vüsal Əliyev, Niyam Səlami, Aqşin Fateh, Elşən Xərərlə duetlər oxumuşuq.
- Ən uğurlu duetiniz hansı olub?
- Ən uğurlu meyxana janrında oxuduğum duet olub. 2004-2005 ci illərdə ifa etmişik. O zamanlar Azərbaycanda ilk dəfə meyxana ilə dueti biz etdik. Bizdən sonra Namiq Qaraçuxurlu ilə əvvəl Könül Kərimova, sonra isə Aygün Kazımova etdi.
- Niyə iş birliyiniz davam etmədi?
- Mən bu barədə bir dəfə də açıqlama vermişdim. Çünki onlar bir müddət sənətdən uzaqlaşdılar. Elşən daha oxumadı, Aqşin isə 12 il sənətinə fasilə etdi.
- Siz o zamanlar artıq tanınmış sima idiniz. Bu duet ortaqlığı kimə daha çox fayda verdi?
- Onlar da tanınırdılar, kasetləri satılırdı. Amma mən daha tanınmış sima olduğum üçün onlara gündəmdə qalmağa, daha da məşhurlaşmağa kömək etmiş oldum.
- Bir də sizin aşıqsayağı mahnılarınız vardı. Məsələn, Zeynəb Xanlarovanın repertuarından "Yığdın bu dünyanın malın-dövlətin". O repertuarı niyə davam etmədiniz? Məncə, buna əlavə pul da tələb olunmurdu, çünki bunlar xalq mahnıları idi.
- Yox, bu, belə deyil. Mənim bütün mahnılarımın içərisində ən bahalı iş o idi. Çünki orada milli alətlərdən istifadə olunmuşdu, aranjimanına daha çox məbləğ xərclənmişdi. Buna görə Vüqar Camalzadəyə təşəkkür edirəm.
- Bəstəkar Nadir Əzimov saytımıza açıqlamasında bildirib ki, sənət adamlarına 500 manata mahnı təklif etmişəm, razı olmayıblar. Sonra həmin ifaçılar meyxana stilində yazan ifaçılardan mahnı alırlar. Niyə belə məsələlər baş verir?
- 1999-cu ildə mən Nadir Əzimovun bir çox mahnılarını ifa etmişəm. Mahnının aranjimanına müəyyən məbləğ tələb olunur. Nadir müəllimin "Ayrılıq" mahnısı vardı, çox gözəl idi. Hazırda bir neçə mahnılarımı yeni aranjimanla təqdim etmək istəyirəm.
- Son zamanlar tez-tez deyirlər, şou-biznes korlanıb, sizcə, korlanan nədir?
- Əgər pulun varsa, bu sahədə bütün qapılar üzünə açıqdır. Səsə, istedada ehtiyac yoxdur. Bir hadisə danışım sizə. Bir dəfə bir verilişdə qonaq idim, məndən başqa tanınmayan bir ifaçı da studiyada idi. Bilinirdi ki, pul verib verilişdə iştirak edir. Bax, budur şou-biznesi korlayan. Vallah, o televiziyanın reytinqinə də ziyan vurur. İnsanların zövqü də dəyişib. Əvvəllər efirə çıxmaq üçün tanınmış bəstəkarların mahnılarını ifa etməli idin. İndi belə deyil. Kim nə istəyir, efirdə onu da ifa edir.
- Konsert vermək barədə nə düşünürsünüz?
- İnanırsınız, bu mənim ən böyük arzumdur. Hesabat konserti vermək istəyirəm. Bildiyiniz kimi buna da maddi imkan lazımdır. Mən xoşlamıram kiməsə ağız açım, kömək istəyim. Çalışıram hər şeyi öz gücümə edim. İmkanım olarsa, bir konsert proqramı etmək istəyirəm. Həm də insan bir işi öz gücünə edəndə daha rahat olur. Alnıaçıq olursan, heç kəsin qarşısında aciz olmursan. Sağ olsunlar yaxşı dostlar, mənə müəyyən işlərdə köməklik edirlər. Söhbət əsl dostlardan gedir, hər işdən təmənna güdənlərdən yox.
- İndiyədək rəsmi iş yeriniz olub?
- Bəli, var. Hazırda Həzi Aslanov adına ideoloji mərkəzdə solistəm.
- Bu, fəxri ad almaq üçündür? Çünki, fəxri ad üçün rəsmi iş yerinin olması mütləqdir.
- Yox, bununla bağlı deyil. Müğənnilər toylarda, el şənliklərində iştirak edirlər. Ancaq sabah bunlar olmaya da bilər. Buna görə də rəsmi iş yeri mütləq olmalıdır. On səkkiz yaşımda da mənə solist işi təklif olunmuşdu, sadəcə, onda gənc idim, ağlım kəsməyib, qəbul etməmişəm.
- Son bir ildə bəzi həmkarlarınız özəl həyatı və xüsusən "həci"ləri ilə gündəmdə qalmağı daha üstün tuturlar...
- Sənətçi öz gördüyü işləri ilə gündəmdə olsa, daha yaxşı olar. Yəni ailəni, sevgilisini buna qatmaması məsləhətdir. Qoy məni sənətimlə, səhnə mədəniyyətimlə tanıyıb, hörmət etsinlər. İfaçı o zaman insanlar arasında sevilir ki, bütün bu qaydalara riayət edir. Hərdən qızımın fotolarını öz "İnstagram" səhifəmdə paylaşıram, ancaq üzünü heç vaxt göstərmirəm, çünki bu, mənim şəxsi həyatımdır. Mən bütün həmkarlarıma demək istəyərdim ki, şəxsi həyatınızla deyil, sənətinizlə gündəmdə olun.
- Kiminləsə qalmaqal yaşamısız?
- Hər zaman bundan qaçmışam. Qalmaqalı zəif insanlar edir. Çünki, onlar bununla gündəmə gəlmək istəyirlər. Əgər əsl sənətin varsa, onunla seviləcəksən. Qalmaqal tamaşaçını qıcıqlandırır. Mənə pul müqabilində qalmaqal etmək üçün bir neçə dəfə təkliflər gəlib. Hətta bir dəfə bir müğənni (adını açıqlamayacam) mənə onunla qalmaqal etməyi təklif etmişdi. O zamanlar bu, məndə böyük təəccüb doğurmuşdu. Sən demə qalmaqalı özləri bilə-bilə yaradırlar (gülür). İndinin özündə də verilişlərdə çıxış edəndə nəsə qalmaqallı mövzu olanda çox utanıram. Mən hər zaman əvvəlcə ətrafımı düşünürəm. Çünki qıraqdan gələn söz-söhbətdən çox çəkinirəm. Çalışıram, etdiyim hərəkətləri elə edim ki, barəmdə artıq -əskik heç nə danışmasınlar. Mənə dəyər verdikləri üçün buradan öz tamaşaçılarıma təşəkkür edirəm. İnanırsız, indi bəziləri deyirlər ki, məşhuruq heç yerə getmirlər, cəmiyyət arasına çıxmırlar. Mən o zamanlar "7-17" yarışması zamanı çox məşhur idim, hamı məni tanıyırdı. Yasamalda su gəlməyəndə o zamanlar "40 pilləkən" deyilən bir ərazi vardı, gedib oradan vedrə ilə su daşıyırdıq. Hamı da məni görəndə deyirdir "Aaa, Aynur Dadaşovaya baxın, su daşıyır" (gülür). Hazırda da dükana da düşürəm, bazarlıq da edirəm.
BUNLAR DA İLGİNİZİ ÇEKEBİLİR
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.