Fevralın 20-si mərhum reper Hüseyn Dəryanın birinci evliliyindən olan qızı Ayşə “Bizimləsən” proqramına müraciət etmişdi.
Səbəbi ziyarətinin məğzi isə ondan ibarət idi ki, Ayşə Dəryanın Sona İbadovadan olan evliliyindən dünyaya gələn Cahangirin onun qardaşı olmasına inanmaması idi. Buna görə də o, qohumluğun DNT analizi ilə sübut olunmasını istəyirdi. Ayşə hələ də məqsədinə doğru can atır.
16-17 yaşlarında səlist və yaşından iki dəfə böyük danışıq tərzi ilə tamaşaçıların əlini üzündə qoyan Ayşə bildirir ki, Cahangir onun qardaşı deyil. İddia edir ki, Sona onları aldadır. O, hətta bildirib ki, reper sağlığında dəfələrlə Ayşəyə Cahangirin onun qardaşı olmadığını söyləyib. Amma nədənsə, biz Hüseyn Dəryanın oğlu ilə olan kadrlarına baxdığımız zaman bu videolarda heç bir ögey münasibət sezməyib, əksinə, fəxarət və səmimi hisslər görmüşük.
Üstəlik, onun çıxıb DNT analizi tələb etməsi isə absurd haldır. Ona görə ki, ortada heç bir miras yoxdur. Əgər Dəryadan dəryaları dolduracaq zinət əşyaları, cah-cəlallı villalar, auksionda alınmış sənət əsərləri qalsaydı, haradasa Ayşəyə haqq vermək olardı. Deyərdik ki, bütün şou çıxılmaz vəziyyətdə qalmış bir qızcığazın öz haqqını tələb etmək uğrunda mücadiləsidir.
İkinci absurdluq isə ondan ibarətdir ki, Sonanın da dediyi kimi, ondan bunu yalnız Hüseyn Dərya tələb edə bilər. Heç efirdə çıxıb, Cahangirin onların qardaşı oğlu olmadığını iddia edən bibisinin də buna haqqı yoxdur.
Sona isə bütün bunların fonunda cəmi bir dəfə açıqlama verdi və DNT analizindən boyun qaçırdı. Halbuki qarşı tərəfin haqsız olduğunu sübut etmək istəyən insan bu analizi verib, saqqız kimi uzanan məsələni yoluna qoya bilərdi. Bəlkə də "qadınlıq qüruruna sığışdırmır" deyəcəksiniz, ancaq hər gün efirdə riyakar kimi büruzə verilməyin qarşısını yalnız bu cür alardı. Həm də yada salsaq ki, Sona özü də mediadan qaçan insan deyil, dəfələrlə verilişlərdə qonaq olub. Amma etmədi, icazə verdi ki, Ayşə onu atasının ruhuna hörmətsizlik etməkdə günahlandırsın.
Bu məqamda isə Ayşə unudub ki, Dəryanın ruhuna hörmətsizlik Sonanın DNT analizi verməməsi yox, onun çıxıb efirdə atasını aldadılmış, yaxud ata olma funksiyasını itirmiş kimi təqdim etməsidir. Ayşə onu da unudub ki, atasının ölümündən beş il keçir və illər sonra içindəki eqonu təmin edib, Cahangirin onun qardaşı olmamasını sübut etməyə çalışması reperin ruhuna hörmətsizlikdir.
Özünə qardaş, arxa-dayaq istəyən kəs, mənəvi və ya bioloji fərq etmir, atasının “oğlum” deyə xitab etdiyi şəxsə, qayğı göstərməli, onu başqalarından qorumalıdır. Efirə çıxıb, anasını əxlaqsız kimi təqdim edib, onu digərlərinin gözündə alçaltmağa çalışmamalıdır.
Güman ki, Ayşə özünə qardaş yox, şou axtarır. Əks halda, bunu gizli şəkildə də həll edə bildiyi halda, ictimailəşdirməməli idi. Görünür, o, Cahangirə olan diqqət və qayğını, az yaşına rəğmən məşhur olmasını qəbul edə bilməyib və içindəki hissləri belə büruzə verib.
Bütün bunlardan sonra Ayşənin yadına “Sirkə nə qədər tünd olsa, öz qabını çatladar” atalar sözlərini salmaq istəyirəm. Cahangir onun qardaşı olsa da, olmasa da, Ayşə özünə qardaş qazanmayacaq. Çünki hər iki halda, Cahangiri itirdi. Bəlkə də haqlı olsa da, özünü haqsız vəziyyətə saldı və eyni zamanda insanların gözündə də xüsusi bir imic formalaşdırdı.
Dəryanın qızı “dil-dil ötməli”, kimisə yanlış addımlarında ittiham etməli deyil, öz qardaşı olmadığı halda belə, Cahangiri bağrına basmalı idi.
DNT analizi ilə sübut etməyin fərqi yoxdur, bax, o zaman, həqiqətən də insanlar onun haqda “Ayşə Hüseyn Dəryanın qızıdır” ifadəsini işlədəcəkdi...
Bütün bunlardan belə bir nəticəyə gəlirik ki, Hüseynin rahatlığını istəyən hər iki xanım, ölmüş bir insanın məşhurluğundan istifadə edərək, gündəmdə qalmağa çalışır.