Bu gün bir çoxlarımızın Sevgililər Günü kimi qeyd etdiyimiz gündür. Hər yerdə şar, gül, xoşbəxt cütlüklər, bu günə özəl təklifləriylə aşıb-daşan kafelər, restoranlar… Bu gün də bütün bayramlar kimi gözəldir. Necə deyərlər, sevib-sevilməyə, bayram etməyə nə qədər çox səbəb olsa, bir o qədər yaxşıdır.
lunar.az da sizin üçün yumor qarışıq bu gün Bakıda qarşılaşa biləcəyiniz 5 tip insan haqqında yazmağa qərar verdi. Bayramınız mübarək. Oxuyun və gülümsəyin!
Taleyindən şikayətlənənlərBu şikayət bir günlə kifayətlənmir. Adətən, fevral ayı girəndən depessiyaya düşür və fevralın 16-17-si özlərini birtəhər toplamağa başlayırlar. Romantika da bu dövr ərzində onlarda çox yüksək səviyyələrə qalxır, romantik təkamülün yeni mərhələləri kəşf olunur. Depressiyanın dibinə enənlər isə, təşviş və təzyiqə çox dözməyib, köhnə sevgililərinə də yaza bilərlər.
“Mişkasevərlər”Şəhərin hər tərəfində qarşınıza böyük yumşaq oyuncaqlarla gəzən zərif qızlar çıxa bilər. Nədənsə onların ən çox sevdiyi və gözlədiyi hədiyyə məhz bu oyuncaqlar olur. Çox böyük həvəslə şəkillərini çəkib sosial şəbəkələrdə paylaşır, sevgilisinə virtual eşq elan etməyi də unutmurlar.
Evdən çıxmağa bəhanə uydurmağa çalışanlarHə, bu gün axı nə bəhanə uydurasan ki, heç kim şübhələnməsin? Onsuz da hara getsən elə biləcəksən ki, bu dəqiqə evdəkilərdən kimsə səni görəcək. Rəfiqəsini xəstələndirənlər, ad gününə gedənlər və s. sayı bu gün qəfildən artır. Onlar hələ bir neçə ay əvvəldən qulaqları öyrəşdirmək üçün 14 fevralda ad gününə çağırıldıqlarını deyir, gileylənir, hər kəsi bu günlə bağlı planlarının olduğunu məlumatlandırırlar.
13-ü ayrılıb 15-i barışanlarHədiyyə almağı sevməyənlər, hədiyyə verməyi sevməyənlər və ya ümumiyyətlə heç cür hədiyyə almaq imkanı tapa bilməyənlərin atdığı ən təhlükəli addımdır. Bir neçə gün əvvəl mübahisə mövzusu tapır, həmin gündən bir-iki gün qabaq mübahisəni qızışdıraraq küsür, bayramdan sonra yenidən barışmağı planlayırlar. Lakin, bu dediyimiz kimi ən təhlükəli addımdır. Çünki bir çox hallarda münasibət bir də özünə gəlməyə bilər.
Bu günü qeyd etməyənlərOnlar sevginin günü olmadığı fəlsəfəsini müdafiə edir, hər sevginin öz günü olduğunu deyirlər. Bu insanlar həqiqətən də sevgililər günü anlayışını sevmir və banallıq hesab edirlər. Bəziləri bu gün ərzində hətta evə qapana, bir günlük zahidlik edə bilərlər. Təki bu mövzuda heç nə görməsinlər və eşitməsinlər.