Bir çox ana 0-1 yaş aralığındakı uşaqlarının qidalanmasına elə də fikir vermir. Lakin pediatrlar analara bu yaş aralığındakı uşaqların da qidalanmasına xüsusi diqqət yetirməyi və bəzi qidaları verməməyi tövsiyə edirlər. Biz bu qidaların hansılar olduğunu sizin üçün tapıb yazmışıq.
1. Çay
Çay ana südü ilə qidalanan uşaqlara məsləhət görülmür. Çünki tərkibində olan tanin maddəsi dəmir əksikliyinə, içərisinə əlavə olunan şəkər isə iştahsızlığa və dişlərin çürüməsinə səbəb olur.
2. Bitki çayı
Çoban yastığı, yaşıl çay kimi bitki çaylarının da dəmirin mənimsənilməsini azaltmaq təsiri var. Buna görə də bu çaylardan da balaca və südəmər uşaqlara vermək olmaz.
3. Bal
Bal fruktoza, qlükoza və suyun birləşməsindən əmələ gəlir. Tərkibində “Clostridium botulinum” adlı bakteriya olduğundan botulizm xəstəliyi riskini artırır. Südəmər uşaqların mədələrindəki turşuluq səviyyəsi aşağı olduğuna görə bir yaşından balaca uşaqlara bal vermək tövsiyə edilmir.
4. Şəkər
Şəkər çuğundurundan əldə edilən bir qida olan şəkər bədənə enerji verir və özündə başqa bir qida dəyəri ehtiva etmir. Boş enerji qaynağı olduğu üçün körpələrin qidalanmasında şəkər yerinə doşab və ya süd şəkəri olan laktozanın istifadəsi daha düzgündür. Bundan başqa, uşaqlarda şəkərin çox istifadə edilməsi iştahsızlığa və diş çürüklərinə, düzgün olmayan qidalanma vərdişlərinin yaranmasına və beləliklə də, kökəlməyə səbəb olur.
5.Paxla
Zəhərlənmə ehtimalı olduğu üçün paxlanın 0-1 yaş aralığındakı uşaqlara verilməsi tövsiyə edilmir.
Beləliklə, analar ətrafdakıların və yaşlı insanların dediyi fikirlərə görə hərəkət etməməli, bu yaşdakı uşaqların qidalanmasına xüsusi diqqət yetirməli və həkimlərin qadağan etdiyi qidaları öz körpələrinə verməməlidirlər.
Mənbə: Mir.Az