Mars artıq çoxdandır ki, kosmik tədqiqatçıları ən çox maraqlandıran planetlərdən birinə çevrilib. Xüsusilə də, maye halında suyun aşkarlanmasından sonra, NASA daha da aktiv şəkildə bu planet üzərində işləməyə başladı.
Mütəxəssislər hesab edirlər ki, yaxın gələcəkdə Marsda insanlar yaşaya biləcək.Elə buna görə də, NASA müsabiqə keçirərək, memar-dizaynerlərdən 3D formatında Mars evləri layihələndirməklərini istəyib. Bu evləri layihələndirdikdə isə əsas diqqət yalnız Marsda olan materiallardan istifadə edilməsinə yetirilib.
165 layihə arasında marslılar üçün seçilmiş 3 qalibi sizə təqdim edirik:
Buz Ev ( 1-ci yer)
Birinci yeri tutmuş layihə SEArch/Clouds Architecture Office memarlıq bürosu tərəfindən hazırlanmış Buz ev layihəsidir. Bu işin müəlliflərin Marsda suyun olması və planetin şimal hissəsində olduqca soyuq havanın hökm sürməsinə əsaslanaraq buzdan ev tikməyi təklif ediblər. Proyekt elə bu cür də adlanır: Mars İce House. Bu şəffaf buz ev günün müxtəlif saatlarında fərqli rənglərlə parlayacaq.
Hava ilə doldurulan modul sistemi (2-ci yer)
Gamma komandası tərəfindən hazırlanan bu layihədə Marsın nahamar səthinə diqqət yetirilib. Layihə müəllifləri üç moduldan ibarət olan hava ilə şişirdilmə sistem yaratmağı təklif ediblər. Bu layihənin üstünlüyü ondadır ki, evləri Marsın fərqli relyefinə uyğun şəkildə uyğunlaşdırmaq mümkün olacaq.
Lava Hive ( 3-cü yer)
Eyniadlı şirkət tərəfindən hazırlanmış Lava Hive layihəsi kosmik gəmini ilk marslıların evi olaraq layihələndirməyi daha məqsədəuyğun hesab edir. Gəminin ətrafındakı tikinti işləri üçün isə bazalt lavasından istifadə edilməlidir.