Uşaqların 3 yaşından tez diş pastasından istifadə etməsi zərərlidir. Türkiyəli diş həkimi Emre Kural süd dişlərinin sağlam olmasının normal dişlər qədər əhəmiyyətli olduğunu deyir. Vaxtından əvvəl itirilən süd dişləri normal dişlərin sağlamlığına zərər verdiyi kimi, onların düzülüşünə də təsir edə bilər. lunar.az həkimin uşaqların dişlərinin çürümə səbəbləri haqqında fikirlərini təqdim edir.
Həkim bildirir ki, süd dişləri normal dişlərə nisbətən daha az mineral tərkiblidir, yəni daha çox təbii quruluşludur. Bu səbəbdən də daha asan və sürətlə çürüyürlər: “Uşaqlar çürüyün erkən dövrdə meydana gələcək əlamətlərini başa düşə bilmirlər. Yalnız dişləri dözülməz qədər ağrıdıqda bunun fərqinə varırlar. Onda isə çox gec ola bilər. Uşaqlar ağız qulluğuna böyüklər qədər diqqət edə bilməzlər. Uşağın əl bacarığı, marağı və valideynlərinin bu qaydaya əməl etmələri uşaqların diş fırçalama vərdişini təyin edir. Xüsusilə anaların tez-tez etdiyi bir səhv - əmziyi şirin su, bal, mürəbbə kimi qidalara batıraraq uşaqlara vermələri və ya yuxu aralarında şirin süd, meyvə suyu kimi qidalara vərdiş etdirmələri də süd dişlərinin çürüməsinə səbəb olan amillərdir. Beləliklə də, qidalanma formalarındakı pozuntular süd dişlərinin çürüməyə meyllərini artırır”.
Çürüyün qarşısını almaq mümkündürmü?
Çürüyü tamamilə aradan qaldıran hər hansı peyvənd və ya dərman yoxdur. Lakin çürüyün yaranmasının qarşısını almaq üçün bəzi vəsaitlərdən istifadə edilə bilər. Bunlardan biri “Fissür örtücü" deyilən materialdır: “Diş çürükləri ümumiyyətlə azı və kiçik azı dişlərinin, çeynəyən hissədə olan "fissür" adı verilən yerlərdə başlayır. Bəhs etdiyimiz vəsait vasitəsilə həmin kanalın üzəri bağlanılır, o bölgəyə mikrob, yemək artığının daxil olmasına maneə yaratmaqla çürüyün başlamasının qarşısını almaq olar. Bu əməliyyat 6 yaşından etibarən çıxan qalıcı azı və kiçik azı dişlərinə də tətbiq oluna bilər. Çürüyə maneə yaratmağın başqa bir yolu da dişlərin zəifləməsinə qarşı müqavimətini artırmaqdır. Diş səthinə xüsusi qoruyucu tətbiq etməklə bu müqaviməti artırmaq olar”.
Süd dişlərinin əhəmiyyəti
Süd dişlərinin birinci vəzifəsi uşağın düzgün qidalanmasını təmin etməkdir. Bununla yanaşı, süd dişlərinin çürüməsi və ya tez itkisi ciddi estetik problemlər yaradır. Süd dişi tez düşdükdə onun təbii yer tutma funksiyası da aradan qalxır. Bu da daimi dişlərin lazım olan yerdən çıxmamasına və ya çıxa bilməyərək ölü qalmasına, əyri bitməsinə səbəb olur.
Süd dişlərindəki çürüklər müalicə edilməlidirmi?
Müalicə edilməyən süd dişi çürükləri, ağrı, pis qoxu, çeynəmə çətinliyi, qidalanma pozuqluğu və çirkin xarici görünüşə gətirib çıxarar. E. Kural bildirir ki, bu dövrdə müalicə edilməyən diş pozuqluqları gələcəkdə diş əyriliyi, çənə inkişafında pozuntular və ümumi sağlamlıq problemlərinə (revmatizmdən ürək narahatlıqlarına qədər) səbəb ola bilər. Bu səbəbdən süd dişlərindəki çürüklər “onsuz da onların yerinə yeniləri gələcək” deyilərək biganə yanaşılmamalı və müalicə edilməlidir.
Körpələrdə ağız qulluğu
Körpələrin ən azı ilk dörd ay ana südü ilə qidalanmaları ağız ətrafındakı yumşaq toxuma və əzələ funksiyalarının normal inkişafını təmin edir. Ana südünün qeyri-kafi olduğu hallarda fizioloji başlıqlı (damaqlı, kəsik uclu) əmzik istifadəsi lazımdır: “Körpələr 1 yaşından etibarən stəkan və qaşıqla qidalanmaya vərdiş edilməlidir. Əmziklə qidalanma ən çox 2 yaşına qədər davam edə bilər. Barmaq əmmə, əmzik istifadə etmə kimi vərdişlərə 2-2,5 yaşına qədər icazə verilə bilər. Barmaq əmmə vərdişi davam etsə, bunun qarşısını almaq lazımdır. Çünki tənəffüs problemləri çənə inkişafına mənfi təsir edir”.
Uşaqlar diş fırçalamağa hansı yaşda başlamalıdır?
Körpə 6-8 aylıq ikən (yəni ilk dişlər ağızda göründüyündə) səhər yeməyindən sonra və gecə yatmazdan əvvəl dişləri təmiz bir tənzif və ya cunanı isladaraq silmək, təmizləmək olar. Həkim diş fırçası istifadəsinə isə uşağın arxa dişləri çıxdıqdan sonra (ortalama 2,5 - 3 yaş) başlana biləcəyini deyir: “Məktəbəqədər uşaqlara diş fırçalama texnikası öyrətməkdən çox diş fırçalama vərdişi aşılanmalıdır. Uşaqlar ağızlarında görünən yerləri fırçalamaqla kifayətlənirlər. Ancaq çürüyün yaranmasının qarşısını almaq üçün xüsusilə dişlərin aralarını və çeynəyən dişləri fırçalamaq lazımdır. Buna görə uşağınız dişlərini fırçaladıqdan sonra ana və atalar təmizliyə nəzarət etməlidir”.
Diş fırçası necə seçilməlidir?
Uşağa uyğun elastik, yumşaq neylon tüklərdən olan diş fırçası almaq olar. Sərt tüklü fırçalar dişləri təmizləmək üçün uyğun deyil. Vacib məqamlardan biri də köhnələn fırçalardan istifadə edilməməsidir. Ən çoxu 6 aydan bir diş fırçası dəyişdirilməlidir: “Səhər yeməyindən sonra və gecə yatmazdan əvvəl dişləri fırçalamaq lazımdır. Lakin uşağa mütləq düzgün diş fırçalama qaydası öyrədilməlidir. Kiçik yaşlarda qazanılan vərdişlər gələcəkdə də özünü göstərir. 3 yaşa qədər diş pastasından istifadə etmək qadağandır. 3 yaşdan sonra isə diş fırçasının səthi qədər deyil, noxud böyüklüyündə diş pastası uşaqların dişlərini təmizləməsi üçün kifayət edir. İlk dövrlərdə diş pastasının markası vacib deyil. Əsas odur ki, uşaqlar diş fırçalamağı sevsinlər və buna əməl etsinlər”.