"Gücünüz ancaq şou əhlinə çatır?" - Xatirə də qalmaqala qoşuldu
Müğənni Natavan Həbibi ilə "Soy" prodakşının rəhbəri Oqtay Əliyev arasındakı qalmaqala Xatirə İslam da qoşulub.
Lunar.az xəbər verir ki, O.Əliyevin "Biabırçılıq gündə boşanıb evlənməkdir" açıqlamasına əsəbiləşən Xatirə bunları əlavə edib:
"Əvvəl onu deyim ki, Oqtay Əliyevdən bu qaxıncı gözləmirdim. Ən azından iki qız atası, gözəl ailə başçısı və bir baba kimi sizə yaraşdırmadım. Boşanmaq Allahın qismətidir. Heç kimi bu hadisədən sığortalanmayıb.
Bəzən 30 ilin ailəsi də dağıla bilir. Çox çətin zamana gəlmişik. Hər şey dəyişib. Ana balanın, bala atanın üzünə dayanan bir zamandır. Sabah siz də boşana bilərsiz (Allah eləməsin), mən də...
Deməli, ağzımızı açan kimi boşanmağı başımıza qaxınc edib, bizi qohum-əqraba yanında utandıracaqsınız? Bilirsiniz, bu ölkədə neçə minlərlə boşanmış qadın var? Müğənni də adi insandır. O qadınların da taleyində anlaşılmazlıqlar ola bilər və ayrılarlar.
Amma bu şeylərə görə qorxudan boşana da bilmirik. Çünki müğənni boşandısa, vəssalam, deməli günah ondadır. Bu minvalla evdə, ailədə, bayırda olan hər şeyi ürəyimizə salıb xəstəlik tapırıq. Demək olar ki, bütün sənət adamlarının xəstəliyi var.
Bəzən efirdə gördüyümüz tükürpətici hadisələr var. Hansı ki, günlərlə özümüzə gəlmirik. Biri atası ilə yatır, biri qardaşından doğur, biri qaynı ilə sevişir, evdən qaçır, biri doğur atır küçəyə...
Bunun hansını sənət adamı edib? Axı nəyi bölə bilmirik? Niyə ölkədə olan başqa problemlərə belə tez reaksiya vermirsiniz? O qədər çatmayan işlər, məsələlər var. Danışın da onlar haqqında da. Gücünüz ancaq yalandan gülüb özünü həm varlı, həm sağlam, həm xoşbəxt göstərən şou əhlinə çatır?
Mənim dünyasında sizə qarşı mənfi fikrim olmayıb. Sizi istəyən insanam, nə də yaltaqlıq bilirsiz mənlik deyil. Amma sizi mehribançılığa çağırıram. Gəlin əl-ələ verək bu çətin dönəmdən keçək.
Bütün xalq virus içindədir, hər evdə xəstə var. Heç kimə sənətçi və bəzi yalançı efirlər lazım deyil. Hamı canı ilə əlləşir. Hamının efiri çantasındadır. Heç kimi də birliyə çağırmıram. Bu birliyi yaratmağa bizim ömrümüz çatmaz. Sizi mehribançılığa çağırmaq sənət adamlarını birliyə çağırmaqdan asandır".
Qeyd edək ki, O.Əliyev sözügedən açıqlamanı yenicag.az saytına verib. Sözügedən qalmaqala səbəb isə Natavan Həbibinin efirlərə qatılmaq üçün telekanal rəhbərlərindən qonorar istəməsi olub.
Xatırladaq ki, Xatirə də bir vaxtlar telekanal rəhbərlərindən qonorar istəmiş, O.Əliyev Axşam.az-a açıqlamasında onun ünvanına tənqidlər səsləndirmişdi. İfaçı və O.Əliyev arasında həmin ərəfədə mübahisə yaşanmışdı.