Cəmi 2 bölümü yayımlanan məşhur şou etirazla qarşılandı
"FOX TV"-də cəmi iki bölümü yayımlanan dünyaca məşhur proqram "Maske kimsin sen?" müzakirələrə səbəb olub.
Lunar.az xəbər verir ki, izləyiciləri ikiyə bölünən veriliş mübahisələrə səbəb olub. Bu səbəbdən Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK tərəfindən bəzi sosial media istifadəçilərinin layihə haqqında işlətdikləri bütpərəstlik və şeytanın təbliğ edilməsi iddiaları araşdırılacaq.
İzləyicilərin bir qismi verilişin formatından irəli gələn maskaların ürküdücü olduğu qənaətinə gəlib və layihəni uğursuz hesab etdiklərini vurğulayıb. Onların bəziləri #Foxtvhaddinibil həştəqi ilə öz etirazlarını bildiriblər.
Digər izləyicilər isə şiddətin təbliğ olunduğu, qadınların təcavüzə məruz qaldığı, ekrana uyğun olmayan ifadələrin işləndiyi serialların əvəzinə bu cür addımın atılmasını cəsarətli hesab ediblər.
Qeyd edək ki, proqramın münsif kürsüsündə Melis Sezen, Alican Yücesoy, Doğu Demirkol və Eda Ece əyləşir. Verilişin aparıcısı isə Tansel Öngelə həvalə olunub.