Youtube internet aləminin ən populyar və böyük video-hostinq şəbəkəsidir. Hər gün xeyli sayda musiqi klipləri, maarifləndirici resurslar, filmlər və fərqli mövzularda saysız-hesabsız videolar bu platformaya yüklənir. Lakin bütün bunların bir yerdə olması bəzən işimizi çətinləşdirir. Bu yazı da Youtube’da daha effektiv axtarış etməyin yollarını göstərir.
Hər kəs “Search” xidmətinin xüsusi sözlərdən istifadə etdiyini bilmir. Həmin sözlərdən istifadə etməklə, həm axtarışınıza daha uyğun videolar tapır, həm də vaxtınıza qənaət etmiş olursunuz. Həmin “sehir”li sözləri sizə təqdim edirik:
Film axtarışı
Youtube’da xeyli sayda uzunmetrajlı filmlər var, amma onları tapmaq bəzən elə də asan olmur. Bunun üçün axtarış edərkən movie sözündən istifadə edin.
Tarixə görə axtarış
Bəzən bizə Youtube’a yeni yüklənmiş video lazım olur. Bunun üçün hour, today, week, year kimi axtarışınızın tarixini spesifikləşdirəcək parametrlərdən istifadə edin. Bununla, həmin vaxt ərzində yüklənmiş videolar qarşınıza çıxmış olacaq.
Yüksək keyfiyyətli video
Əgər sizə sadəcə yüksək keyfiyyətli, HD videolar lazımdısa, axtarışınızda HD sözündən istifadə etməyi unutmayın.
Playlist axtarışı
Youtube bizə playlist düzəltmək imkanı verir. Bir çox istifadəçi bunun sayəsində fərqli, tematik playlist’lər hazırlayır. Bəzən hər hansı bir mövzuda ayrı-ayrı videolar axtarmaq əvəzinə playlist’lərə baxmaq işinizi rahatlaşdırır. Bunun üçün playlist sözünü yazaraq axtarış edin.
Uzunluğa görə axtarış
Əgər sizin axtarışınızda videonun uzunluğu önəmlİdirsə, long və short sözlərindən istifadə etməlisiniz. Long 20 dəqiqə və daha uzun videolar, short isə 4 dəqiqədən uzun olmayan videoları əhatə edir. Bütün bu parametrləri eyni anda Filters bölməsindən də müəyyən edə bilərsiniz. Bununla daha rahat və effektiv axtarış edəcəksiniz.