Qar hələ bir neçə gün həyatımıza təsir edəcək. Uşaqlar qarı çox sevsə də, mövcud hava şəraiti böyüklər üçün bir o qədər də ürəkaçan deyil.
Yollar buz bağladığından müəyyən narahatlıq yaşanır. Artıq səhər saatlarından etibarən 39 nəfər paytaxt sakini yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qarlı havada hərəkət məhdudlaşır. Buzlu yollarda yerimək isə kifayət qədər təhlükəlidir. Sürüşkən küçə və və prospektlərdən keçərkən diqqətli olmaqda fayda var.
Bütün hallarda hər vəziyyətdə hazırlıqlı olmaq və travmalardan özümüzü qorumaq üçün nə etməliyik?
Bu barədə Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının həkim-fizioterapevti Səidə Kərimova məlumat verib. Onun sözlərinə görə, insanlar özlərini travmalardan qorumaq üçün diqqətli olmalıdırlar:
"Qarlı havada müəyyən tövsiyyələr var ki, hər kəs üçün faydalı olar. İnsanlar hava şəraitini nəzərə alıb gedəcəkləri yerə gecikməmək üçün bir qədər vaxtı nəzərə almalıdırlar. Yol üçün daha çox vaxt ayırmaq və tələsməmək tövsiyə olunur. Qarlı havada və buzlu yollarda daha diqqətli olmalısınız. Tələsik hərəkətlər sürüşkən yerdə yıxılmaların və travmaların sayını artıra bilər. Telefonunuzu əlinizdə saxlamayın, diqqətiniz yolda olsun.
Ayaqqabılarınızı seçərkən alt hissəsinin xüsusi sürüşməyə qarsi naxışla olmasına diqqət edin. Xüsusi ayaqqabı yoxdursa, siz quru ayaqqabının altına leykoplastır yapışdıra bilərsiniz. Bu sürüşkənliyi azaldacaq. Ayaqqabınız ayaqda kip oturmalıdır, bu halda sürüşmə riski daha azdır.
Kiçik addımlarla gəzin, sürüşkən yerlərdə pəncənizi tam yerə basaraq hərəkət edin. Bu yerişə “pinqvin” yerişi deyirlər. Qar və buz şəraitində hərəkət edəndə bu canlının yerimə təcrübəsi faydalıdır. Pilləkənlərdən düşəndə və ya qalxanda sürahilərdən istifadə edin.
Əgər yıxılma qaçılmazdırsa, çalışın böyürüstə yıxılın. Bu, ən təhlükəsiz variantdır. Əzələdə və vətərlərdə travma zamanı ilk yardım kimi buz və reseptsiz verilən ağrıkəsicilərdən istifadə edə bilərsiniz. Travma alan tərəfi çalışın hərəkətsiz saxlayın. Sınıq və başqa ciddi fəsadı istisna etmək üçün həkimə müraciət edin.
Barmaqlarınız soyuqda donubsa ilıq suda saxlaya bilərsiniz. Suyun qaynar olmamasına diqqət edin. Bu temperaturun tənzimlənməsinə kömək edə bilər".