Rasim Balayevdən Elza Seyidcahana SƏRT SÖZLƏR: Onu efirə buraxanlar...
Xalq artisti Rasim Balayevlə söhbətləşdik. Səhhətindən kinomuzun hazırkı durumuna qədər hər şeydən danışdıq. Yeriyə bilmədiyini, günlərinin cansıxıcı keçdiyini, Şuşaya getmək istədiyini, daha nələr, nələr... söylədi.
Xalq artisti ilə müsahibəni təqdim edirik:
- Rasim müəllim, necəsiniz? Səhhətiniz necədir?
- Belə də... Bir az darıxdırıcıdır. Adam evdən bayıra çıxa bilmir. Belimdə problemlər var, müalicəyə getmək istəyirəm. Deyirlər ki, hələ məsləhət deyil, bir az sakitlik olsun, gedərsən. Yeknəsəq həyat tərzi sürürəm, səhər yuxudan dururam, virusa görə evdən bayıra çıxmağa qorxuram.
- Yaşınız 65-dən çoxdur. Peyvənd olunacaqsınızmı?
- Bəli. Çağırsalar, gedəcəyəm. Gözləyirəm, görək haçan çağıracaqlar...
- Belinizdəki ağrılar nədən qaynaqlanır?
- Bu ağrılar artıq bir neçə dəfədir ki, məni narahat edir. Cavan vaxtı film çəkilişləri zamanı bir neçə dəfə atdan yıxılmışam. O vaxt cavan idim, ağrıları hiss etmirdim. İndi yaşlanmışam, fəsadlar özünü göstərməyə başlayıb. Belimdə yırtıq var. İstədim ki, əməliyyat olunum, dedilər ki, məsləhət deyil. Fizioterapiya, "tokavermə" və sair bu kimi şeyləri məsləhət gördülər. Mən də arada gedirdim, bir az yüngülləşirdim, ağrılar sovuşurdu. Bir müddətdir ki, pandemiyaya görə müalicəyə də gedə bilmirəm. Arada 5-10 dəqiqə həyətdə gəzirəm, amma xeyri yoxdur. Gərək müalicə olunam. Ağrılarsa getdikcə daha da ağırlaşır. Ona görə də yaxşı yeriyə bilmirəm. Başqa heç nə... şükür Allaha, elə bir şey yoxdur.
- Müalicə üçün Türkiyəyə gedəcəksiniz, yoxsa..?
- Yox, burada...
- Kino ilə bağlı təkliflər gəlir?
- Yox, kino təklifləri almıram, almaq da istəmirəm. Hələ ki, kinomuzda o ssenarini, o rejissoru hiss eləmirəm, görmürəm… Yaxşı təklif olarsa, qoca rolunda da oynayaram. Amma elə bir təklif yoxdur. Bu gün biz zəncirin ucunu itirmişik. Zəncir qırılıb və onun ucunu tapa bilmirik. İndi onu tapıb birləşdirmək lazımdır. Seriallara baxıram, çox bərbad vəziyyətdədir. 1994-cü ildə Türkiyədə filmə çəkilirdim. Həmin vaxt Türkiyədəki filmlərin səviyyəsi çox aşağı idi. Bu gün Türkiyə filmləri, serialları İspaniyada və digər ölkələrdə uğurla yayımlanır. 26-27 ilin içərisində bunlar görün kinoda və seriallarda nə qədər inkişaf etdilər. O vaxt kinoda biz çox qüdrətli idik. İndi görün hansı vəziyyətdəyik… Bu, çox uzun məsələdir. Ekspertlər hərtərəfli araşdırmalıdırlar. Kinonun başını buraxıblar. Kinoya dəxli olmayan adamlar indi film çəkir. Kimsə ordan-burdan pul yığır, film çəkir, hansısa aktyorlara 20-30 manat pul verirlər, kimsə oradan pul qazanır. Amma belə olmaz. İnsanların zövqünü korlayırlar. İndiki çəkilənlərlə 30-40 il əvvəlki kinomuzun səviyyəsinə baxıram. Təəssüf edirəm…
- Bəs siz özünüzü kinoda rejissor kimi sınamaq istəmisinizmi?
- Yox, mən rejissor ola bilmərəm. Bu, mənə təklif olunub. Amma zəif rejissor olmaq istəmərəm. Güclü rejissor olmaq potensialım yoxdur. Mən də indiki film çəkənlərə qoşulum, "xala xətrin qalmasın" filmlər çəkim… Yox, bunu istəmirəm. Ona görə də rejissor olmaq istəmirəm.
- Rasim müəllim, siz Elza Seyidcahanın şeirlərini bəyənmirdiniz. Elza Seyidcahan yenə də öz şeirləri ilə televiziya ekranlarını "işğal" edib. Cəmiyyət tərəfindən də sərt tənqid olunur...
- Vallah, Elzada təqsir yoxdur. Təqsir onu efirlərə çıxaranlardadır. Yadımdadır ki, o vaxt biz şeir deyəndə ciddi nəzarət olunurdu. O vaxt elə idi. Hətta o vaxt bizim senzuradan xoşumuz gəlmirdi. Deyirdik ki, nəzarət var… Efirə çıxan şeirləri redaktorlar yoxlayırdılar ki, bu, efirə çıxar, ya yox... Seyid Əzim Şirvaninin həcvləri var, mənə veriblər, oxumuşam. Seyid Əzim kimi böyük şair bu şeirləri həcv kimi yazıb. O vaxt o həcvlər belə efirə çıxarıla bilməzdi. Dediyim odur ki, hər şeyi efirə çıxarmaq olmaz. Vallah, onda təqsir yoxdur. Bəlkə də müalicəyə ehtiyacı var. Onu efirə buraxanlar nə qazanırlar, bilmirəm, onu gülünc vəziyyyətə salırlar. O, şeir oxuyanda hamı gülür. Hətta "Bu şəhərdə"nin aktyoru Rafael bir verilişdə dedi ki, bizə bax, biz də oturub buna qulaq asırıq. "Quqquluqu, muqquluqu"… ilə insanların zövqlərini korlayırlar. Belə şey olmaz, ayıbdır, vallah ayıbdır. Bilirsən, mənə ən çox pis təsir edən nə oldu?
- Nə oldu, Rasim müəllim?
- Mən bir dəfə Elzanı şeirlərinə görə tənqid etmişdim. Amma görkəmli alim, akademik Nizami Cəfərov onu müdafiə elədi. Mat-məəttəl qaldım. Dedi ki, Elza çox yaxşı şeirlər yazır və çox adamdan da istedadlıdır. Ondan sonra mən bu haqda danışmaq istəmədim. Çünki həqiqətən də Nizami Cəfərov çox yaxşı tənqidçi və filoloqdur. Görkəmli akademikimiz Elza Seyidcahan haqqında bu cür danışanda mənim matım-mutum qurudu. Bu sözdən sonra daha nə deyim, bilmədim…
- Şuşanın sizin üçün əziz şəhər olduğunu bilirik. Bəs Şuşaya getməyi düşünürsünüzmü?
- Əlbəttə, getmək istəyirəm. Bir az havalar düzəlsin, yeriyə bilim, yollar minalardan təmizlənsin, gedəcəyəm. O gün Prezidentimiz də əhaliyə müraciət etdi ki, icazəsiz getmək olmaz. Hər şey qaydasına düşəndən sonra Şuşaya getmək, onun mənzərəsini seyr etmək arzumdur. Mən cavanlıqda oralarda çox olmuşam./Publika.az