Xudayarın məşqçisi: “Deyirdi ki, yorulmusan, səsimlə istirahət et” - FOTO/VİDEO
"Xudayar Yusifzadə tərbiyəsinə və uğurlarına görə sayılıb-seçilən idmançılarımızdan olub. Altı il - 2012 - 2018-ci illərdə zalımızda məşq edib. Yerli yarışlarla yanaşı, bir sıra beynəlxalq turnirlərdə də qızıl medal qazanıb".
Bu fikirləri "Report"a açıqlamasında şəhid Xudayar Yusifzadənin məşqçisi, "Orion" İdman Klubunun kikboksinq bölməsinin baş məşqçisi Müşfiq Hüseynov deyib.
Mütəxəssis Yusifzadənin əsasən 70 kq çəki dərəcəsində müəyyən nailiyyətlərə imza atdığını diqqətə çatdırıb: "Xudayar ölkədaxili turnirlərlə yanaşı, beynəlxalq yarışlarda da uğurla çıxış edib. O, İranda Asiya çempionu olub, dünya çempionatında isə bürünc medal qazanıb. Yeniyetmələr arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş Dünya Kubokunun da qalibi olub. Tələbəm Gürcüstan və Türkiyədəki beynəlxalq yarışlarda da yaxşı nəticələr göstərib".
Mütəxəssis şəhid olmamamışdan bir gün öncə Xudayar Yusifzadə ilə danışdığını bildirib: "Mən Zəngilandanam, zəng eləmişdi ki, müəllim, gözünüz aydın, Zəngilanı işğaldan azad etdik, daha məcburi kökçün deyilsiniz. Çox danışdıq, dedi ki, məndən narahat olmayın. Amma növbəti gün Ağbənd qəsəbəsində qarın nahiyəsindən yaralandı. Sonra isə mövqeyini dəyişən zaman boğazının şah damarından vuruldu. Azerbaycan Kikboksinq Fedorasiyasinda Şəhid Xudayar Yusifzadənin məşq etdiyi klub bu gün Şəhidimizin adını daşıyır".
Hüseynov idmançının iki il əvvəl Sərhəd Qoşunlarında xidmətə başlaması səbəbindən aktiv idmanı buraxdığını söyləyib. Onun sözlərinə görə, Yusifzadə məşq vaxtı da mahnılar ifa edib: "Hərdən deyirdi ki. müəllim, yorulmusan, səsimlə istirahət et".
Məşqçi "Xudayar təsnifi"ni daha əvvəl də şəhidin dilindən eşitdiyini deyib: "Videoda görəndə isə kökrəldim. Xudayar Qarabağ şikəstəsini də yaxşı oxuyurdu".
Xudayar Yusifzadənin xalası oğlu Raqub Kərimli də kikboksinqlə məşğul olur. O, Yusifzadənin hər zaman deyib-gülən insan olduğunu vurğulayıb: "Onunla məşqlərimiz yaxşı əhval-ruhiyyədə olurdu. Demək olar ki, günümüz birlikdə keçirdi. Məşqlərdə də hamıdan yaxşı olmağa çalışırdı, çox çalışqan idi. Hərdən öz aramızda praktiki məşqlər edirdik. Bu vaxtdan sonra qazandığım bütün uğurları ona həsr edəcəyəm. Xudayar daim bizim qəlbimizdə yaşayacaq".
Yusifzadənin yaxın məşq yoldaşlarından Yaqub Abışov onunla yaxşı münasibətinin olduğunu söyləyib: "Xudayar tək mənim üçün yox bütün idmançılar üçün doğma idi. Xətrini istəməyən tapılmazdı. 5-6 ildir ki, onunla dostluq edirdim. Çox yaxşı idmançı idi. Ölkə xaricindəki yarışlarda, Türkiyədə, İranda uğurlar qazanırdı. Mahnını isə harada istəsə, orada oxuyardı. Əvvəldən musiqiyə həvəsi olub. Məşq zamanı da çoxlu ifalar edirdi. Sparinqlərdə də zarafatından qalmırdı".