Qanını satıb, oğlunu görməyə gedən şəhid anası: "Paltarıyla yatıram..."
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Elvin Əkbər oğlu Babayevdir.
Teleqraf.com-un əməkdaşı 19 yaşında şəhid olmuş Elvin Babayevin ailəsinin kirayə yaşadığı mənzildən reportaj hazırlayıb.
Şəhidin anası Kəmalə Rəhimova Elvinin şəhadətindən dörd gün əvvəl onunla danışdığını dedi: "On doqquz yaşı vardı. Oktyabrın 2-də günorta saat 14:00-da şəhid oldu. Oğlumla ölümündən dörd gün əvvəl danışmışdım. Mənimlə danışdı və sonra qardaşı Emilə dedi ki, artıq evin kişisi sənsən, anamdan muğayat ol!
Elvin Suqovuşan uğrunda gedən döyüşlərdə dostu ilə birlikdə şəhid olub. Hərbi xidməti bitirməsinə üç ay qalmışdı, topçu idi. Oktyabrın 7-də dəfn edildi... DNT analizi ilə kimliyi müəyyənləşdi. Ermənilər top mərmisi atıblar, on nəfər əsgər varmış, ikisi şəhid olub, səkkizi yaralanıb.
Oğlum çox saf, çox mehriban idi. Uşaqlıqdan vuruşmağı sevirdi. Müharibə başlayan ərəfədə Elvinə dedim ki, çox narahatam, sənə nəsə olacağından qorxuram. Sən mənim nəfəsimsən, sənə bir şey olsa necə yaşayaram... Dedi ki, "ana, mən ermənidən qorxacam? Canavar kimi oğlanam. Sən niyə belə danışırsan?!"
Çox arzuları vardı. Sənədlərini Dövlət Sərhəd Xidməti Akademiyasına verdi, Azərbaycan dili imtahanından kəsildi. Ona görə ikinci imtahana buraxılmadı. Hərb sahəsinə böyük həvəsi var idi. Məktəbi bitirdikdən sonra hərbi xidmətə getdi. Uşaq vaxtı ancaq silahlarla oynayırdı, həmişə deyirdi ki, mənə oyuncaq silahlar alın. Çox qoçaq uşaq idi. İdmançı idi, beş il futbola getmişdi..."
Kəmalə Rəhimova oğlunun şəhid xəbərindən də danışdı: "Cümə günü idi, gecə yuxumda gördüm ki, bizim evə qara paltarda bir kişi gəldi, dedi ki, icazə verərsiniz, sizin evinizdə namaz qılım. Ona möhür də verdim. Həmin gün günorta saat 2-də zəng gələndə bildim ki, Elvinim getdi (ağlayır).
Elvinlə telefonla danışanda dedi ki, ana, səni görmək istəyirəm. Dedim, karantindir, necə gəlim, amma getdim. Mənə dedi ki, məktəb vaxtı oxumağımı istəyirdin, "oxu, oxu" deyirdin. İndi topun mərmiləri ilə bülbül kimi ötürəm. Sənə yalandan deyirdim ki, dərs yadımda qalmır.
Elvin həmişə deyirdi ki, ailəni mən saxlamalıyam, sizə kömək edəcəm. Bu mənzildə kirayədə yaşayırıq. İki övladımı vardı, onlara özüm baxmışam. Anam kömək edib, bacım işləyib. Mən işləmirəm, xəstəyəm, böyrəyimin biri yoxdur. Ağır işdə işləyə bilmirəm. Anamla bacım mənə kömək edir".
Şəhidin qardaşı Emil Babayev də Elvindən danışarkən göz yaşlarını saxlaya bilmədi: "Qardaşım zarafatcıl, qoçaq, işgüzar idi. Mən boksa gedirəm, qardaşım zəng edəndə müəllimim, məşqlərim haqqında danışırdım. Sonra anama deyirmiş ki, nə vaxt zəng etsəm, müəllimi haqqında danışır.
Elvin mənə deyirdi ki, gələndən sonra boksa yazılacam, məşqə bərabər gedərik. Bir dəfə qardaşımla şadlıq sarayına işləməyə getdik. Onda Elvini və dostumu işə götürdülər, məni yox. Dedilər, sənin boyum balacadır, əlində şey-şüy daşıya bilməzsən. Elvin bununla razılaşmadı, bildirdi ki, o da burda işləməyəcək. Başqa yerdə işləməyə başladıq. Mən atamın üzünü görməmişəm, qardaşım mənə ata idi..."
Maddi vəziyyəti aşağı olan Kəmalə Rəhimova oğlunun məktəb illərində şadlıq sarayında işlədiyini vurğuladı: "Elvin məktəbdə oxuya-oxuya şadlıq sarayında işləyirdi, dərsdən sonra. Amma bunu müəllimləri bilmirdi. Oğlum ailəyə kömək etmək üçün onuncu sinifdən işləməyə başladı. Gününə on manat qazanırdı, pulu alıb, mənə verirdi.
Mənim bir dəfə də xətrimə dəymədi, üstünə qışqırırdım, böyük oğlan idi. Bir gün evə gec gəlmişdi, üzünə şillə vurdum ki, narahatam, harada idin?! Dedi ki, bağışla, uşaqlarla idim, bir daha saat 9-dan sonra gec gəlməyəcəm. Heç vaxt mənə cavab qaytarmırdı.
Elvin əsgərlikdə nümunəvi xidmət göstərdiyinə görə on günlük məzuniyyətə gəlmişdi. Boyu daha da hündür olmuşdu, gülə-gülə gəlirdi, əllərindən öpdüm... Deyirdim, Elvin ayağının altında ölüm, o da etiraz edirdi ki, ana, elə demə, bir daha bu sözü desən səndən inciyərəm.
Əsgərlikdə olanda mənə dedi ki, yanıma gəl, həmin gün yox, səhəri getdim. Etiraz elədi ki, bütün valideynlər gəldi, sənin yolunu gözlədim, amma sən gəlmədin... Gecədən səhərə yüksək temperaturum var idi. Cavab verdim ki, məni bağışla, gəlməyə maşın tapa bilmədim.
Bir dəfə Elvinin yanına getmək üçün qan verdim, həmin 50 manata ona ərzaq alıb, getdim. Belə çətinliklər olub... Hər dəfə gedə bilmirdim, ancaq imkan daxilində pul göndərirdim. Atasız olması ona çox pis təsir edirdi, həmişə ağlayırdı. Atasına zəng vurub yalvarırdı ki, gəl. Dostlarımın yanında demişəm ki, atam gəlir. Atası Rusiyada yaşayır, bizə maddi kömək etmir.
Biz altı il Moskvada yaşamışıq. Anam və qardaşım da onda orada yaşayırdı. Qardaşım onu işə düzəltdikdən sonra dedi ki, çıxın, gedin. Heç vaxt mənə çətinliklərini bildirmirdilər. Beş ildir, bu evdə kirayədə yaşayırıq. Bir təhər kirayə pulunu ödəyirik. Anam təqaüd alır, bacım işləyir. Ötən gün çox pis idim, Allaha yalvardım ki, oğlumu görmək istəyirəm. Hətta onun paltarı ilə yatıram. Həmin gecə yuxuma gəldi, məni möhkəm qucaqladı, bunu hiss elədim.
Sonra Emillə sübh namazına durduq, mənə dedi, ana, hiss etdim ki, Elvin peyğəmbərlə gəlmişdi... Oğlum çox dindardır, Allaha çox bağlıdır. Şəhid olan günü bacım yuxusunda görüb, ona deyib ki, "narahat olmayın, yaxşıyam. Yolu tanımırdım, məni buraya babam gətirib. İndi yox, vaxtı gələndə sizi də gəlib aparacam".
Kəmalə Rəhimova oğlunun sevdiyi qızdan da danışdı: "Sevdiyi qız vardı. Deyirdi, son nəfəsinə qədər onu sevəcək. Qız anası ilə oğlumun qəbrini ziyarət etdi. Həmin gecə Elvini yuxumda gördüm, sevinirdi, gülürdü. Hiss etmişdi ki, qız onun qəbrini ziyarət edəcək.
Yaşasaydı qızla evlənməsinə razı olardım. Hətta bir dəfə özünü qıza görə öldürmək istəyirmiş. Ona görə çox pis olmuşdum".
Emil Babayev də qardaşının həmin qızı çox sevdiyini dedi: "Həmin qız haqda mənə də danışmışdı. Elvinə məsləhət görürdüm ki, səbrli olsun. Mənə bir gün uşaqlar zəng etdilər, qardaşın ağlayır, deyir ki, özünü öldürmək istəyir. Tez getdim və dedim ki, sənin anan, qardaşın, ailən var. Niyə belə şeyləri düşünürsən! Özünü öldürsən, anam nə günə düşəcək. Anam bizi çox zülümlərlə böyüdüb, çox əziyyət çəkib, bir böyrəyi yoxdur.
Axırıncı dəfə mənimlə danışanda dedi ki, artıq evin kişisi sənsən. Məktəb vaxtlarında anam bizə beş manat verirdi, onu birlikdə xərcləyirdik ki, anamıza çətin olmasın. Çox paylaşımlı uşaq idi".
Kəmalə Rəhimova şəhid ailələrinə də səbrli olmağı tövsiyə etdi: "Allah şəhid analarına səbr versin, Allah şəhidlərimizə rəhmət eləsin. Hər gün onlar üçün dua oxuyuram. Oğlumun yolunu səbrsizliklə gözləyirdim. Deyirdim ki, Yeni ildə bayram keçirməyəcəm, oğlum gəlsin, birlikdə qeyd edərik. Həyatımın ən xoşbəxt günü Elvinin gəldiyi gün olacaqdı... Onun üçün hər şey bişirəcəkdim. Elə bil ürəyimə dammışdı, deyirdim, gələndə onun ayağının altından öpəcəm.
Mənə deyirdi ki, hərbi xidməti bitirdikdən sonra gəlib ailəmizə baxacaq. Evlənəcək, uşaqları olacaq...
Axırıncı görüşümüzdə soruşdu ki, yenə gələcəksən? Dedim, üç aydan sonra sən gələcəksən, mən gələ bilmirəm. Gördüm çox pis oldu, başını aşağı saldı". Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin şagirdi olan Elvin Babayevin müəllimləri də onun haqqında xatirələrini bölüşdülər.
Hərbi müəllimi Hüseyn Əliyev Elvin Babayevin şəhidlik zirvəsinə ucaldığını dedi: "Əsgərlikdə nümunəvi xidmətə görə bir dəfə məzuniyyətə gəlmişdi. Məktəbə də baş çəkdi, məktəbin direktoru və müəllimləri ilə görüşdü, öyüd-nəsihətimizi verdik. Hərb sahəsinin sirlərini daha dərindən öyrənmək istəyirdi. Məsləhət verdik ki, hərbi xidmətdən sonra orada gizir qalsın. Cavab verdi ki, hələ fikirləşər.
Hərbi savadına və işgüzarlığına görə orada qala bilərdi. Məktəbimizin tədbirlərində çox aktiv iştirak edirdi. Mərd və sınmaz idi".
Tarix müəllimi Mehriban İbrahimova dedi ki, Elvin Babayevə beşinci sinifdən dərs deyib: "Elvin və Emillə beşinci sinifdə tanış oldum, onlara yeddi il dərs dedim. İnanın ki, bu illər ərzində ondan narazıçılıq, kobud söz, kobud rəftar, sərt baxış görmədim. Mehriban və saf uşaq idi. Məktəbin bütün tədbirlərində iştirak edirdi. Çalışqan şagird idi. Daim onların şəkillərini çəkirdim, gəzməyə aparırdım. Hərbi xidmətdən məzuniyyətə gələndə demişdi ki, hələ qərar verməyib, amma hərbi sahədə qalmağı düşünür. Daim ailəsinə kömək etmək istəyirdi.
Düzdür, dövlətimiz şəhid ailələrinə kömək edir. Elvin Babayevin ailəsinə dövlətimiz tərəfindən mənzil verilsə, çox yaxşı olar. Elvin çox gözütox və səliqəli idi. Məktəbdə oxuya-oxuya onun şadlıq sarayında işlədiyini bilmirdik. Maddi problemlərini, ailənin maddi çətinlik çəkdiyini də bilməmişik. Bir müəllimə kimi Elvinlə fəxr edirəm. Biz onu unutmayacağıq və unutdurmayacağıq".
Tərbiyə işləri üzrə direktor müavini Safura İbrahimli Elvin Babayevlə bağlı bir xatirəsini bölüşdü: "Bir dəfə məktəbdə tədbir keçirilirdi. Tədbirə icra başçısı və bir çox millət vəkilləri də qatılmışdı.
Tədbir zamanı gördüm ki, Elvin özünü pis hiss edir. Tez onu tutdum, məktəbimizin direktoru Aytən Baxşıyeva dedi ki, sən necə sürətlə Elvinə kömək edə bildin?! Elvin yıxılan kimi özümü çatdırdım. Tədbirdə o qədər ürəkdən iştirak etmişdi ki..."
Safura İbrahimli Elvin Babayevin sevdiyi xanıma yazdığı mesajdan da danışdı: "Axırıncı dəfə qıza yazıb soruşub ki, mən şəhid olsam, qəbrimi də ziyarət etməzsən?! Son nəfəsimə qədər səni sevəcəm".