Əsgərləri onu qayğıkeş komandir kimi xatırlayır. Hər bir əsgərinə xüsusi diqqət göstərər, şəxsi heyyətin sağlamlığını nəzarətdə saxlayardı. Onu sevdirən də elə bu xüsusiyyətləri idi.
Elə döyüş meydanında da bir an belə tərəddüd etmədən əsgərlərini ölümdən qurtarar, özünü heç düşünməzdi.
Lunar.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, söhbət taqım komandiri, 31 yaşlı şəhid kapitan Elçin Tağıyevdən gedir.
Bir neçə uğurlu əmiliyyatda iştirak edən şəhid Elçin Tağıyev 17 nəfərlik bir düşmən qrupunun məhv edilməsində xüsusi qəhrəmanlıq göstərib.
Elçin Tağıyevin hərbə marağı uşaq yaşlarından yaranıb. Ona görə də Cəmşid Naxçıvanski adına hərbi liseysə daxil olub. Oranı əla qiymətlərlə bitirən Elçin zabit kimi fəaliyyətə başlayır. Elçindən sonra hərbi həkim peşəsinə yiyələnən qardaşı deyir ki, Elçinlə eyni istiqamətdə döyüşüblər. Hər gün bir -birlərindən xəbər tutan qardaşlar sonuncu dəfə oktyabrın 1-də danışıblar.
Sonra Elçinin taboru Talış istiqamətində gedən döyüşlərə qatılıb. Və o bu döyüşlərdə yaralanıb. Amma özü yaralansa da döyüş meydanından ilk növbədə yaralı əsgərlərin çıxarılmasını əmr edib. Uzun sürən xilasetmə əməliyyatında isə kapitan Elçin Tağıyev şəhid olub.
Anası Ayna Tağıyeva iki hərbiçi oğlundan birini - böyüyünü müharibədə itirsə də oğlunun igidliyi ilə fəxr etdiyini bildirir. Deyir, oğlu üzünü ağ edib, düşmən qarşısından geri çəkilməyib.
Ölümündən qabaq ona mayor hərbi rütbəsi verilmişdi, taxmaq nəsib olmadı. Üçrəngli bayrağımızı işğaldan azad olunmuş ərazilərə taxmaq isə döyüş yoldaşlarına nəsib oldu. Elçin də elə bunu istəyirdi..