Teatrdan qovuldu, heç vaxt evlənmədi, ruhi dispanserdə yatdı: Səməndər Rzayevin üç gün öncə intihar edən aktyor oğlu
Bir neçə gün öncə intihar edərək həyatını itirən aktyor, əməkdar artist Rəşid Səməndər haqqında maraqlı faktları təqdim edirik.
Rzayev Rəşid Səməndər oğlu 5 mart 1975-ci ildə Bakıda anadan olub. 1997-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Qabiliyyəti ilə tələbəlikdən diqqəti cəlb edən Rəşid teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda uğurlu rollar oynayıb. İşlədiyi illər ərzində o, N. Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan, B. Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında Yanq Çunq, Sofoklun "Şah Edip" tamaşasında Kreont, R. Novruzun "Hələ "sevirəm" deməmişdilər" tamaşasında Andronik, H. Həsənovun "Brüsseldən məktublar" tamaşasında Nəcəf, A. Şaiqin "Eloğlu" tamaşasında Səməndər kimi rollar ifa edib.
Rəşid Səməndər ömrünün sonuna qədər ailə həyatı qurmayıb. O, həm də böyük sənətkar Səməndər Rzayevin oğlu, teatrşünas, jurnalist Rübabə Səməndərin qardaşıdır. Rəşid 2006-cı ildə Əməkdar artisti fəxri adına layiq görülüb.
2013-cü ildən başlayaraq aktyorun teatrdakı işləri qaydasında getməyib, onun adı teatrdakı qalmaqallarda hallanıb və Rəşid işdən uzaqlaşdırılıb. O, bununla bağlı mətbuata açıqlamasında deyib: “İşdən çıxarılmağımın dəqiq səbəbini bilmirəm, araşdırma aparmaqdan da bezmişəm. Bu teatrdakılar pul üçün, fəxri ad üçün hər şeyə gedən adamlardılar. Əsas gətirdilər ki, biz bu adamdan qorxuruq. Guya, mən idarə olunmazam, dəliyəm, hirslənirəm, söyüş söyürəm və daha nə bilim nələr. Daha sonra rəhbərlik bildirdi ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “g” bəndinə əsasən müqaviləmə son qoyurlar. Kimə də deyirəm, deyirlər, məcəllədə belə bir bənd yoxdur”.Kulis.az