İmtahanlar test üsulu ilə keçirilir.
Martın 1-dən etibarən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olmaq istəyən namizədlərin ərizə və sənədlərinin qəbuluna başlanılıb.
Nazirlikdən verilən məlumata görə, namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları sırasından seçilirlər.
Abituriyentlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış hərbi-həkim və mandat komissiyalarından, Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş fiziki hazırlıq normativləri üzrə sınaqdan keçməlidirlər.
Fiziki hazırlıq üzrə minimal normativlər; turnikdə dartınma - 6 dəfə; 100 metr məsafəyə qaçış - 15 saniyə, 1000 metr məsafəyə qaçış - 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılıb endirilməsi - 18 dəfə, döşəmədən gövdənin qaldırılıb endirilməsi - 18 dəfədir.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı müsabiqədə iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir. İmtahanlar test üsulu ilə 4-cü ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir. Ali Hərbi Məktəbə qəbul olunmuş abituriyentlər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir. Məzunlara müvаfiq hərbi iхtisаslаrlа bərаbər “fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası və “leytenant” hərbi rütbəsi verilərək Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər.
Ali Hərbi Məktəbə qəbul üçün namizədlər Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);
- təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestatın əsli və notarial qaydada təsdiq olunmuş surəti);
- yaşayış yeri üzrə tibb müəssisəsindən Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
- ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);
- oxuduğu təhsil müəssisəsi tərəfindən Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün verilmiş xasiyyətnamə;
- 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Qeyd edək ki, ərizə və sənədlərin qəbulu 2016-cı il martın 1-dən aprelin 10-dək (bayram və bazar günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.