Vəfasız dünyada, fani dünyada,
Yaralı qəlbimə yaralı düşdün.
Baxıb gözlərinə tutuldum birdən,
Əl açdım əlimdən aralı düşdün.
Ömürdən saymıram mən bu illəri,
Bu bahar deyilmiş, qışmış sən demə.
Hamını sadəlöv bilmişəm ancaq,
Hamının ürəyi daşmış sən demə.
Bizi ayırdılar göz görə-görə,
İnan ki, mən səni heç qınamıram.
Sevgimiz can verir qolumuz üstə,
Bizə qıyanları bağışlamıram.
Mən sənsiz ölmədim, yaşadım, amma,
Sənsiz alınmadı, sənsiz olmadı.
Unutmaq istədim, çox çalışsam da,
Neyləyim, nə edim..? Yerin dolmadı.
Qəlbimi Allaha vermişəm, inan,
Sən çiçək açasan ilkbaharımda.
Yerini başqa bir can tuta bilməz,
Adın dilə gəlir dualarımda.
Allahdan dilərəm səni, sevgilim,
Varlığın ruhumun ehtiyacıdır.
Bir həsrət sızıldar sol tərəfimdə,
Ayrılıq acıdır, hicran acıdır.
Görəsən necədir mənim sevgilim,
Gözünün yaşını silən varmı heç?
Görən düşünərmi, xatırlayarmı,
Məni soruşarmı, axtararmı heç?