Ağ tellərin saçlarına yaraşıq Gözəllikdi üzündəki qırışıq Həyatıma sənlə yanır hər işıq Sənsiz həyat sönür, inan anacan Yanımda ol mənim hər an anacan Ayırmasın bizi zaman anacan.
Əsəbləşirdim mənə ərk edəndə Gec olacaq mən səni dərk edəndə Sinifdə qoyub məni tərk edəndə Axardı göz yaşım, dayan, anacan Yanımda ol mənim hər an anacan Ayırmasın bizi zaman anacan.
Sevindin əsgərlik yaşa çatanda Qayıdıb subaylıq daşın atanda Uşaqlıqda mən gecələr yatanda Lay lay deyirdin mənə can anacan Yanımda ol mənim hər an anacan Ayırmasın bizi zaman anacan.
Qız gəlin köçəndə yaşardı gözün Həm ağlayıb, həm də gülürdü üzün Kövrəldiyin gizlətsən də sən özün Edirdi gözlərin bəyan, anacan Yanımda ol mənim hər an anacan Ayırmasın bizi zaman anacan.
Dostum da var ki, anasız yaşıyır Çiyinləri üstdə onu daşıyır Özü hər gün öz yarasın qaşıyır Deyir darıxmışam yaman anacan Yanımda ol mənim hər an anacan Ayırmasın bizi zaman anacan.
Ana ömrün fəda edib övlada Fəqət özü yoxdu daha dünyada Nə gözlərin açır, nə bir səs-səda Oğul yenə edir güman…anacan… Yanımda ol mənim hər an anacan Ayırmasın bizi zaman anacan.
“Ana, sənsiz sönüb evin çırağı Bu cəzadır yoxsa həyat sınağı?!” Öpüb soyuq üzü, doğma yanağı Qızı pıçıldayır “oyan anacan” Yanımda ol mənim hər an anacan Ayırmasın bizi zaman anacan.
“Ölüm ki var səni məndən umubdu Sənsiz damarlarımda qan donubdu Sanki başımın üstünə qonubdu Qonub çəkilməyən duman anacan… “Yanımda ol mənim hər an anacan Ayırmasın bizi zaman anacan.