Cəbhə xəttində növbəti dəfə təxribat törədilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı qeydə alınıb.
Təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.
Müdafiə Nazirliyi bildirir ki, son sutka ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 115 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 116 dəfə atəş zərbəsi endirib.
Azərbaycan Ordusu cəbhə xəttində sonuncu dəfə yanvarın 29-da şəhid verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 29-da saat 15.00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Səfərov Nahid Fikrət oğlu şəhid olub.