Son günlər yağan və hələ davam edən aramsız yağışların ardınca çay və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
lunar.az bildirir ki, verilən məlumata görə, ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağış nəticəsində respublikanın əksər çaylarında xüsusən də, Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-240, Kiçik Qafqazın çaylarında 100-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 130-170 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, oktyabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 156 m3/s olmaqla ongünlük normanın 92 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 130 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 76 m3/s olmaqla, ongünlük normanın 71 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 24 m3/s təşkil edərək ongünlük normanın 22 faizini təşkil etmişdir.
Kür çayının aşağı axınında hazırkı vəziyyətə gəlincə, oktyabrın 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 30 sm, Araz çayının Novruzlu məntəqəsində 25 sm artım, Bankədə 15 sm, Salyanda isə 4 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 430 (2015-ci il oktyabrın 14-də 414 sm), Salyanda 255 (2015-ci il oktyabrın 14-də 237 sm), Bankədə 208 (2015-ci il oktyabrın 14-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 sm (2015-ci il oktyabrın 14-də 125 sm) təşkil edir.//trend/