Üzü tənhalığa əsir bu külək,
Ulayır canavar ulayan kimi.
Havalar dəyişdi sən dəyişən tək,
Soyudu sən məndən soyuyan kimi.
İtib izin-tozun qarda, sazaqda,
Sən gedən yollara yağış, qar düşüb.
Bizim aramıza ən qısa vaxtda
Bəlkə də ən uzun intizar düşüb...
Sən uşaq, sevgimiz itən oyuncaq,
Bir az da sən axtar, sən ara məni.
Yerini, yurdunu bilmirəm, ancaq,
Gəlirəm, hardasa qarşıla məni..
Qarşıla! Son görüş xatirə qalsın,
Yoxsa biz təsadüf gələn deyilik.
Bu kiçik şəhərdə bir dəfə olsun
Səninlə üz-üzə gələ bilmədik..