TIR
Gürcüstanın gömrük sistemindəki süni əngəllərdən narazılıq edən türkiyəli ağırtonnajlı yük maşınlarının sürücüləri etiraz aksiyası keçiriblər. ANS PRESS-in məlumatına görə, bu barədə "Kommersant" qəzetində yazılıb.
Agentliyin məlumatına görə, ötən həftə sonu Türkiyənin Gürcüstanla sərhəddəki Sarp sərhəd-keçid məntəqəsinin qarşısında tranzit yük daşıyan TIR sürücüləri etiraz aksiyası keçiriblər.
Faktı Türkiyənin Gürcüstandakı səfirliyindən də təsdiqləyiblər. Bildiriblər ki, bununla bağlı onlar qarşı tərəflə müxtəlif səviyyədə danışıqlar aparıblar. “Türkiyədən olan yük maşınlarının detallı şəkildə yoxlanılması Gürcüstan tərəfinin tətbiq etdiyi yeni qaydalarla əlaqədardır. Biz gömrük prosedurlarının minimuma endirilməsi ilə bağlı razılıq əldə etmişik. Bu məsələni diqqətdə saxlayırıq. Düşünürük ki, yük maşınlarının hərəkət etdiyi və "İpək yolu"nun tərkib hissəsi olan Türkiyə-Gürcüstan-Azərbaycan marşrutu olduqca çevik və effektiv olmalıdır", - deyə agentlikdə yazılıb.
Sərhəddə qalan TIR-lar
Türklərdən başqa, azərbaycanlı sürücülər də Gürcüstan gömrüyündəki problemlərdən narazıdırlar. Gürcüstan tərəfi Azərbaycan və Orta Asiya respublikaları istiqamətində yük daşıyan TIR-ları ləngidir, nəticədə sərhəd-keçid məntəqələrində onların uzun növbələri yaranır.
Sürücülərin bildirdiyinə görə, gömrük əməkdaşları yük maşınlarındakı yükləri iki dəfə yoxlayırlar. Bəzən sürücü daşıdığı yükü boşaldıb yoxlamadan keçirir, sonra təkrar yoxlama üçün yenidən boşaltmalı olur. Onların bildirdiyinə görə, gürcü tərəfi heç bir səbəb izah etmədən yükləri ləngidir və belə hallar artıq kütləvi xarakter alıb. Onlar deyirlər ki, Gürcüstan tərəfinin bu hərəkətini anlamırlar. Çünki Gürcüstan gömrüyündə belə vəziyyət heç vaxt olmayıb. Odur ki, sürücülər bu maneələrin süni şəkildə yaradıldığını təxmin edirlər.