Azərbaycan prezidenti İlham Əliyev daha bir rayonun icra başçısını vəzifəsindən azad edib. ANS PRESS-in məlumatına görə, prezident Elçin Məmməd oğlu Hüseynəliyevin Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
İlham Əliyev bundan əvvəl bir neçə rayonun icra başçısını vəzifəsindən kənarlaşdırıb. Belə ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Nayfalı oğlu Quliyev, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif İsmayıl oğlu Səlimov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Abuzər oğlu Kərimov, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov prezidentin sərəncamı ilə işdən çıxarılıblar.
Mahmud Quliyev - Cəbrayıl Rayon İcra Hakimiyyətinin sabiq başçısıTahir Kərimov - Salyan Rayon İcra Hakimiyyətinin başçısı
Bundan əvvəl işdən çıxarılan icra başçılarından ikisi - Mahmud Quliyev və Tahir Kərimov qalmaqalla yadda qalıb. Mahmud Quliyevin yanvar ayında sosial şəbəkədə videosu yayılmışdı. O, toplaşan bir qrup adamı təhqir edib, onları söyüb.
Daha sonra açıqlama verən sabiq icra başçısı işlətdiyi “köpəkoğlu” sözünü öz qohumuna dediyini bildirib. "Öz qohumlarıma demişəm ki, “axmaq, köpəkoğlu, burda nə axtarırsan? Öz qohumlarımdı, ərk edib demişəm. İçib piyan olub, kafedən çıxıb yığışmışdılar".
Həmçinin oxuyun:
Prezident daha iki icra başçısını vəzifəsindən azad etdi
Prezident iki icra başçısını işdən çıxardı
Tahir Kərimov bir müddət əvvəl yerli KİV və sosial şəbəkələrdə qızılgüllər altından keçməsini əks etdirən foto ilə gündəmə gəlmişdi.
İcra başçısının şagirdlərin qızılgül çələngindən keçməsi sosial şəbəkələrdə uzun müddət müzakirə mövzusu olub. Onu hətta Şimali Koreya lideri Kim Çen Ina bənzədənlər də olmuşdu.