Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Evdə oturub ölümümü gözləyirəm" - Valeh Kərimov

"Evdə oturub ölümümü gözləyirəm" - Valeh Kərimov

"İnstitutu qurtarandan sonra ömrümün 45 ilini Sumqayıt teatrında işləmişəm. Oradan da uzaqlaşdırıldım. Bir hadisəni danışım. Bir gün direktor məni çağırdı otağına, utana-utana dedi ki, bir söz soruşum Valeh müəllim. Siz aktyorluğu bitirmisiniz? Dedim, bəli. Diplomunuz var?! Dedim, bəli! Onu sabah gətirə bilərsiniz? Dedim, olar. Səhərisi gün, gətirdim, oxudu. Dedi, məni boğaza yığıblar ki, sizin ixtisasınız aktyorluq deyil. Gəlib burada Xalq artisti kimi işləyirsiniz. Universiteti bitirəndə imtahan komissiyasına rəhmətlik Hökümə Qurbanova imza atıb".

Lunar.az xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov "Üzə-düz" proqramında deyib. Aktyor teatrdakı fəaliyyətindən, şəxsi həyatından danışıb. O bildirib ki, aktyor olduğu üçün həyat yoldaşını ona verməkdə tərəddüt ediblər:

"Atam da o fikirdə idi. Hamı bu sənəti qəbul etmirdi. Qayınatam taksi sürücüsü idi. Dediler oğlan rejissordur. Dedi, nə? O lap pisdir. Rejissor aktyorlara öpüşməyi, qucaqlaşmağı öyrədir. Bax, belə bir hadisə olmuşdu. Güc bəla ilə bir neçə aya razılıq ala bildik. Amma sonradan məni çox istəyirdi. Həyat yoldaşım bədbəxt hadisə nəticəsində illər əvvəl vəfat etdi. Şüurlu surətdə ikinci dəfə evlənmədim. Övladlarımla yaşayıram, mənə çox yaxşı baxırlar".

V.Kərimov ikinci dəfə evlənməyin tərəfdarı olmadığını söyləyib:

"Teatrda bir rolu iki aktyor oynayır. İkinciyə "dublyor" əvəzedici deyirlər. Mən ikinci arvada "dublyor" kimi baxıram. O, nə məni, nə də övladlarımı ürəkdən sevə biləcək. Ona görə də dedim ki, lazım deyil. Uşaqlarıma desə ki, bunu belə yox, belə qoy, biləcəm evdə hegemonluq edir".

Sənət aləmindən küsdüyü deyən aktyor bunları əlavə edib:

"Evdə oturub ölümümü gözləyirəm. Söhbət küskünlükdən getmir. Bekar insanam. Menim də bekarçılıqdan təmiz zəhləm gedir. Bu sənətə gəlmişəm ki, ömürlük işləyim. Axı niyə kənarda qalım ki? Canım sağ, danışığım yerində, gözlərim görür, qulağım da eşidir. Yaratmaq istəyirəm. Maaş vermə, prezident təqaüdü alıram, amma çalışım. Axı səhnədən ötəri vaxtı ilə atam da danışdırmayıb məni. Səhnəyə hər şeyimizi qurban vermişik, səhnəyə görə gec ailə qurdum. Müəllimim dedi ki ailəlisən? Dedim subay. Dedi, özünü sənətdə tapsan evlənərsən. Gördüm tapmadım, getdim day evləndim. İkisindən birini seçdim. Evdə öz özümə nə qədər monoloq qurum? Məcburam ki, oturum ölümümü gözləyim".

Məşhur "Bəxt üzüyü" filmindəki "Moşu" obrazından danışan V.Kərimov bu rolun ona çox mane olduğunu etiraf edib:

"İndi-indi hamı mənim adımı bilir, indiyə kimi "Moşu", xalq deyirdilər: Xalqın içindən çıxmış insandır. Orada xalqın gözəl adətləri göstərilib. Bir az demaqoqlugu var, istedadsız insandır. Asan yolu seçir, istedadı yoxdur, şair olmaq istəyir. Qafiyə qoşur, düz çıxmır. Amma o rol mənə çox mane oldu. Hamını filmə çəkirlər məndən başqa. Təkcə filmim elə "Bəxt üzüyü"dür. Bir-iki dəfə məni kinostudiyaya dəvət ediblər. Gördüm pıçıldayırlar ki, sifəti "Moşu"dur, nə rol oynasa da alınmaz. Rədd eliyin getsin. Bu məni çox incidib. Axı məni qrim də etmək olardı başqa obraz üçün".


Axşam.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ