Evdən qaçan gəlin: "Uşağım olmurdu deyə başıma qaxırdılar" - FOTO
Ötən il dekabrın 31-i Şəmkir rayonunun Mahmudlu kəndində itkin düşən və bu gün tapılaraq ata evinə təhvil verilən 24 yaşlı Gülbəsti Qurbanova yaşadıqlarını danışıb.
BAKU.WS-in yerli bürosuna eksklüziv açıqlamasında bildirib ki, gəlin köçdüyü evdən qaçmağının səbəbi mütəmmadi olaraq şiddətə məruz qalmasıdır.
"Uşağım olmurdu deyə başıma qaxırdılar. Yoldaşım məni tez-tez döyürdü. Həkimə, dərmana nə xərc çəkirdilər, məni danlamağa başlayırdılar. Maddi kömək üçün atama, qardaşıma deməmi istəyirdilər. Hər dəfə həkimə gedib gələndən sonra söz-söhbət yaranırdı".
Gülbəsti Musayeva ərinin evindən qızıl və təxminən 700 manata yaxın pul oğurlaması məsələsinə də münasibət bildirib. Qadının sözlərinə görə, gedərkən evdən qızılları aparıb, lakin pul götürməyib:
"Evdən özümə məxsus qızıllarım, əl çantam və gödəkçəmdən başqa heç nə götürməmişəm. Ərim evinin yığdığı pulun miqdarını belə mən bilmirəm. Çünki o pulları qayınanamın özü saxlayıb ki, yığılan pul qaynım Tağınındır və o, sürücülük vəsiqəsi alacaq. Pul məsələsi yalandır, evdən çıxmağıma görə şər atırlar".
Gülbəsti Musayeva 31 dekabr 2021-ci il tarixdə hara və kimlə getməsini də danışıb. Qadının sözlərinə görə, o, Şirvan şəhərinə 5 ilə yaxın tanıdığı Valeh adlı oğlanla gedib və onunla orada qalıb:
"Mən hara gəlmək lazım olduğunu başa saldım. Taksi ilə Valeh də gəlmişdi. Biz Şirvan şəhərinə getdik. Qızıllarımı min manata satdım, özümə paltar aldım. Daha sonra fotolarımı saytlarda gördüm və polisə zəng etdim ki, sağam.
Polislər gəlib məni Şirvan şəhərindən götürüb ata evimə gətirdilər. Mən ərimlə yola getməyəcəyimi, onunla yaşaya bilməyəcəyimi atama və yaxınlarıma hələ 3 il bundan öncə, nişanlı olanda demişdim. Amma atam nişanı qaytarmadı".
Məlumat üçün bildirək ki, Gülbəsti Qurbanova 1 ildən artıq idi, Mahmudlu kənd sakini Mahir Musayev adlı şəxslə ailəli olub. Bu cütlüyün rəsmi kəbini olmayıb.