"Qocalar evi"ndə 30 ahıla peyvənd vurulmasından imtina edildi - SƏBƏB
Sosial Xidmətlər Agentliyinin "Qocalar evi" evi kimi tanınan Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri arasında bu günə qədər koronovirus xəstələyinə yoluxma halı qeydə alınmayıb.
Lunar.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib.
M.Həşimovun sözlərinə görə, pandemiya təhlükəsinin yarandığı ilk günlərdən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları ilə ölkəmizdə qəbul edilən bütün qaydalar müəssisədə də tətbiq edilib:
"Burada çalışan işçilərin müəssisədən kənar mühitlə təmasları məhdudlaşdırılıb, uzunmüddətli növbəli sistem qurulub. Xüsusilə yaşlı insanların koronavirusa yoluxma riskinin yüksək olduğu nəzərə alınmaqla, müəssisədə dövlət himayəsində yaşayan yaşlı, ahıl vətəndaşların infeksiyadan qorunmasına Heydər Əliyev Fondu tərəfindən xüsusi diqqət yetirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarının, sosial təcrid rejiminin burada tətbiq olunmasına zəruri təşkilati dəstək göstərilib.
Müəssisə Heydər Əliyev Fondu tərəfindən həmçinin mütəmadi olaraq dezinfeksiyaedici və digər zəruri vasitələrlə təmin edilib".
Şöbə müdiri deyib ki, ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri koronavirus əleyhinə ilk peyvənd vurulan əhali qrupuna daxil olduğundan bu prosesə dərhal başlanılıb:
"Müəssisənin 139 sakininə birinci və ikinci doza peyvənd vurulub. Bununla yanaşı, 1 doza peyvənd edilən ahıllarımızın sayı 6-dır. Müəssisənin 30 sakinində əks göstərişlər aşkar olunduğu üçün peyvəndləmə aparılmayıb.
Onu da deyək ki, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə 6 nəfər yeni sakin qəbul edilib. Onlarda yaxın günlərdə peyvəndləmə prosesi həyata keçiriləcək".