Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrindən paytaxtın mərkəzinə sərnişinlər daha tez və rahat çatacaqlar. Bu məqsədlə Qala qəsəbəsində yeni nəqliyyat mübadilə məntəqəsi tikilib.
Lunar.az-ın məlumatına görə, əraziyə dayanacaqlar qoyulub və yeni marşrut xətti açılıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin sözlərinə görə, bu qəsəbələrdən paytaxta gələn sərnişinlər mübadilə mərkəzində düşərək ''BakuBus''un yeni avtobuslarına minəcəklər. Həmin avtobuslar isə sərnişinləri əvvəlki kimi Ramana qəsəbəsinin içindən keçməklə deyil, birbaşa hava limanı yolu ilə ''Koroğlu'' metrostansiyasına gətirəcək.
Mais Ağayev həmçinin bildirib ki, sərnişinlərin narazılıqları nəzərə alınaraq 101, 150 və 187 saylı marşrut avtobusları da yenilənib. Əvvəllər "3 Nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi"nin müvqqəti istismarında olan bu xətlər indi istehsalat bazası olan daşıyıcı şirkətlərin birinə həvalə edilib.
Mais Ağayev yeni dəyşikliklərin gediş haqqına təsir edib-etməməsi məsələsinə də münasibət bildirib. Deyib ki, əvvəllər Pirallahıdan "Koroğu"ya gəlmək 90 qəpik idi, indi isə sərnişinlər 10 qəpik az ödəməli olacaqlar. Digər istiqamətlərdə isə qiymətlər dəyişməyib./Xezerxeber.az