İşsizlərə, təqaüdçülərə, azyaşlı uşaqları olan valideynlərə ŞAD XƏBƏR - Qanun işə düşdü...
Azərbaycan səhiyyəsi 1 aprel 2021-ci ildən etibarən inqilabi bir yeniliyə imza atdı, icbari tibbi sığorta ölkə boyu fəaliyyətə başladı. Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.
Bununla hər bir vətəndaşımız üçün səhiyyə sistemi əlçatan olacaq, Tibb təhsilinin keyfiyyəti yüksələcəyinə, həkimlərə inam və sayğının artacağına, dərmanlardan sui-istifadə və bundan qaynaqlanan negativliklərin yavaş-yavaş sona çatacağına ümid edirik. Bir ildən çoxdur yaşadığımız pandemiya şəraiti bizə bir daha göstərdi ki, sağlamlığımız bizim üçün nə qədər vacibdir.
Bu sistemin ölkəmizə yeni gəlməsi ilə əlaqədar olaraq insanlarda bir çox suallar yaranıb.
Lunar.az bildirir ki, məsələ ilə bağlı bizimyol.info-nun suallarını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən cavablayıblar:
- İcbari Tibbi Sığorta kimlərə şamil olunacaq?
- İcbari tibbi sığorta müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən respublikada müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslər (Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) istisna olmaqla, digər bütün ölkə əhalisinə şamil edilir.
- İşsiz insanlar, təqaüdçülər, 18 yaşına çatmamış şəxslər bu xidmətdən necə yararlana biləcək?
- Bütün vətəndaşlar üçün dövlət büdcəsinin vəsaiti hesabına illik icbari tibbi sığorta haqqı ayrılır. Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər.
Agentlikdən bildirilib ki, xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir.
"Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində, həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında göstərilir.
Vətəndaşlar Xidmətlər Zərfindən yararlanmaq üçün səhhətində yaranan narahatlıqla bağlı təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, ilk növbədə ailə həkiminə müraciət etməlidir. Bunun üçün vətəndaşlar ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə müraciət edərək "Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası"na uyğun olaraq ailə həkimini seçməlidir. Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsi qeydiyyatçıya təqdim edilməlidir",- deyə bildirilib.