Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Qaz və işığın limiti ləğv oluna bilərmi? - Açıqlandı: "Ucuzlaşsın"

Qaz və işığın limiti ləğv oluna bilərmi? - Açıqlandı: "Ucuzlaşsın"

Millət vəkili Azər Badamov qaz limiti ilə bağlı təklif səsləndirib. Deputat parlamentin iclasında 2019-cu ilin may ayından Tarif Şurasının qərarı ilə əhaliyə güzəştli qiymətə satılan təbii qazın limitinin 2200 kub metr müəyyənləşdirildiyini xatırladıb.
Parlament üzvü Tarif Şurasına təklif edib ki, tətbiq olunmuş güzəştli qaz limiti dağlıq rayonlar üçün artırılsın:


“Azəriqaz”ın məlumatına görə ölkə əhalisinin 85%-i tətbiq olunmuş limit həddini keçmir. Amma 15 faizi isə 2200 kub metrdən daha çox təbii qaz istifadə edir. Sual olunur, bu 15 faiz çox yandıran əhali qrupu hansılardır”.

Millət vəkili qeyd edib ki, dağlıq rayonlarda ilin yeddi ayına yaxın havalar soyuq və şaxtalı keçir. Bu da həmin rayonların sakinlərinin evlərinin isidilməsi dövrünün digər regionlardan daha uzun olması deməkdir.

“Həm də dağlıq rayonlarda evlərin qızdırılması üçün hər saatına istifadə edilən qazın həcmi çoxdur. Amma güzəştli qaz limiti tətbiq olunanda bu amil nəzərə alınmayıb və bütün ölkəyə eyni yanaşma ortaya qoyulub”.

İqtisadçı Natiq Cəfərlinin “Sherg.az”a bildirib ki, ölkəmizdə qazın və elektrik enerjisinin satışı doğru deyil:

“Ümumiyyətlə, bu sahədə limitin olması lazımsızdır. Limit tətbiq edilərkən rəsmi qurumlar tərəfindən belə bir iddialar səsləndirilmişdi ki, bu sistem elektrik enerjisi və qaza qənaətə xidmət edən məsələdir. Limiti ona görə tətbiq edirik ki, qaz sərfiyyatı boşa getməsin.

Dağ kəndləri və rayonlarda qazdan həm də qızınma kimi istifadə edirlər. Təəssüf ki, ucqar dağ kəndlərində hələ də qaz yoxdur. Harada qaz varsa, ondan eyni zamanda istilik mənbəyi kimi istifadə etməyə məcburdurlar.

Kənd evlərində qızınmaya sərf edilən qazın həcmi daha çox olur. İstər-istəməz vətəndaşlar limiti keçməyə məcburdur. Bu da onların isrfaçılığından irəli gəlmir. Ona görə qaza limit qoyulmasının tamamilə əleyhinəyəm, bu, düzgün yanaşma deyil”.

N.Cəfərli vurğulayıb ki, qaz və elektrik enerjisinin ölkə daxilində müxtəlif tariflərlə satılması mümkündür:

“Məsələn, Rusiyada qiymətlər bölgədən-bölgəyə dəyişir.

Qiymətlərin dəyişməsi nəticəsində də bazarda vahid yox, differensiallaşdırılmış qiymət mövcuddur. Azərbaycanda dağ rayonlarında, soyuq olan yerlərdə qazın qiyməti daha ucuz olmalıdır.

Bu, həm də ekoloji məsələdir. Meşələrdə ağacların qırılmasının qarşısı alınır, insanların komfortlu yaşaması üçün şərait yaranır. Ona görə də dağ kəndlərində ucuz qiymətlər təklif edilməlidir.

Şəhərdə isə fərqli qiymətlər ola bilər. Bunun üçün çoxşaxəli və differensiallaşmış idarəetmə modeli var. Qəliz olsa da, bu sistemə keçmək daha məntiqlidir”.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ