Şəhid ailələrinə daha bir güzəşt - DÖVLƏT ÖDƏYƏCƏK
Sosial iş yerlərində şəhidlərin ailə üzvlərinin əməkhaqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək.
APA-nın məlumatına görə, bununla bağlı “Məşğulluq haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir.
Hazırda qüvvədə olan qanuna əsasən, sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir. Layihəyə əsasən, sosial iş yerlərinin təşkili zamanı şəhid ailəsi üzvlərinə də üstünlük veriləcək.
Qeyd edək ki, “Məşğulluq haqqında” qanuna əsasən, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox olmamaq şərti ilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir. Sosial iş yerlərində 2 ildən az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bir hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 3 aydan az və 12 aydan çox olmayan müddətdə maliyyələşdirilir. Əməkhaqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əməkhaqqına əlavələr, artımlar (əmsallar), habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir.
Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər bir işəgötürən üzrə 10 sosial iş yerindən çox olmamalıdır.