"Qarabağa qayıtmaq istəməyənlərin bütün güzəştləri dayandırılmalı, mənziləri geri alınmalıdır"
"44 günlük Vətən müharibəsində torpaqlarımız erməni işğalından azad olunub. Qaçqın və köçkünlərin 30 illik torpaq, ata-baba yurdu həsrətinə son qoyulub. Hazırda azad olunmuş ərazilərə böyük qayıdışın həyata keçirilməsi üçün hazırlıq işləri görülür. Dövlər bütün resurslarını bu ərazilərin yenidən qurulması və bərpasına səfərbər edib. Sürətlə yeni infrastruktur formalaşdırılır. Yaşayış məntəqələrinin bərpası istiqamətində planlaşdırma işləri icra olunur.
Yaşayış məntəqələrində yaşayışa yararlı binaların bərpası üçün inventerizasiya və dəyərləndirmə işləri aparılır. Təhlükəsizliyin təmin edilməsi işləri təşkil olunub. Ərazilərin minalar və partlayıcı vasitələrdən təmizlənməsi işləri genişləndirilib. İşğaldan azad olunmuş ərazilərdə qısa bir zamanda yaşayış üçün yüksək şərait yaradılacaq, həmin torpaqların yenidən məskunlaşdırılmasına start veriləcək. Burada yenidən məskunlaşdırılma məsələsinə gələndə belə bir sual yaranır: "Hamı azad olunmuş ərazilərə qayıtmaq istəyirmi?" Məncə, burada alternativsiz "hə" olmalıdır. Çünki, bu, təkcə vətəndaşın öz yurduna qayıtması məsələsi kimi könüllü şəkildə olmamalıdır".
Lunar.az xəbər verir ki, bu sözləri Sonxeber.az-a deputat Azər Badamov danışıb:
"Bu, həm də bir vətəndaşlıq borcu olmalıdır. Necə ki, 90-cı illərdə biz məcbur olub o əraziləri tərk etmişiksə, indi də o əraziləri tərk edən insanlar, Bakı və digər şəhər və rayonlardakı sosial stauslarından asılı olmayaraq, Vətən qarşısındakı borcları olaraq, yenidən öz doğma yurduna qayıtmalıdırlar. Əgər 44 günlük müharibədə ordumuz qələbə çalıb ərazilərimizi işğaldan azad edibsə, indi qaçqın-köçkünlərimiz də, həmin qələbənin davamı olaraq, böyük qayıdış edib öz yurdlarında yenidən məskunlaşmaqla dəstəyini verməlidirlər. Bu gün qaçqın və köçkün ailələri dövlət güzəştləri ilə əhatə olunub. Düşünürəm ki, azad olunmuş ərazilərə qayıdan insanlara həmin güzəştlər müəyyən dövr üçün davam etməlidir. Qayıtmaqdan imtina edənlərin bütün güzəştləri dayandırmalı və hətta dövlət tərəfindən yaşamaq üçün verilmiş mənzili də geri alınmalıdır.
Dövlət başçısı qaçqınlar üçün tikilmiş yeni mənzillərin şəhid ailələrinə verilməsi ilə əlaqədar çox düzgün qərar qəbul edib. Vətən müharibəsində 2800-dən çox şəhidimiz, minlərlə əmək qabiliyyətini itirmiş gənclərimiz olub. Bu insanlar üçün dövlət güzəştləri genişlənməlidir. Çünki onlar öz həyatlarını ölümə ataraq torpaqlarımızı azad ediblər. Düzdür, dövlətimiz şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi üçün addımlar atır. Həm də bu kateqoriyadan olan insanların ev probleminin həll edilməsi məqsədilə qaçqınlar üçün tikilmiş yeni mənzillərin həmin ailələrə verilməsi qərarı qəbul edilib. Amma dövlətin verdiyi evdə məskunlaşaraq öz yurduna qayıtmaq istəməyən insanlar olsa, onların mənzilləri də geri alınaraq şəhid ailələrinə və qazilərə verilməlidir, onlara verilən bütün dövlət imtiyazları da dayandırılmalıdır".