Ümid edirəm ki, Rusiya Dağlıq Qarabağ probleminin həllinə kömək edə biləcək, amma burada aparıcı rol Ermənistan və Azərbaycanda qalır.
Lunar.az xəbər verir ki, bunu keçmiş SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov deyib. Onun sözlərinə görə, hər iki tərəfin maraqlarına uyğun qərar tapılmalıdır:
“Qarabağ problemi kökləri keçmişə gedən çox ağır məsələdir. O, gərginləşəndə biz çalışdıq ki, iki respublikaya, iki xalqa həlli tapmağa kömək edək”.
Qorbaçov hərbi fəaliyyətlərin dayandığı dönəmdə problemin onillər ərzində həll edilməmiş saxlanılmaması gərəkdiyini bildirib:
“Ümid edirəm ki, Rusiya kömək edə biləcək, amma əsas rol konflikt tərəflərindədir. Ermənistan və Azərbaycan Qarabağın həlli ilə bağlı danışıqların aparılması üçün öhdəlik götürüblər. Həll gərək qalibsiz, məğlubsuz, hər iki tərəfin maraqlarına uyğun olsun”.
Qeyd edək ki, Qarabağ konflikti Qorbaçovun SSRİ rəhbəri olduğu dövrdə, həm də birbaşa onun iştirakı ilə yaradılıb. Qorbaçovun ermənipərəst mövqeyi, Qarabağı Azərbaycandan ayırmaq istəməsi, ermənilərin Ermənistanda və Azərbaycanın Qarabağ bölgəsində azərbaycanlılara qarşı qətliamlarına göz yumması nəticə etibarilə ermənilərin işğalçılıq planlarını genişləndirməsinə səbəb oldu.
Həmin dövrdə ermənilərin ən müasir silahlarla silahlanmasına şərait yaradan Qorbaçov Azərbaycanda əhalidən ov tüfənglərinin belə yığılması barədə qərar vermişdi və təəssüf ki, həmin dövrdə Azərbaycan rəhbərliyi bunu icra edirdi.
Bu vaxta qədər “Qarabağda qalib və məğlub olmamalıdır” sözünü bir dəfə də dilinə almayan Qorbaçovun Azərbaycan qalib gələndən və Vətən müharibəsi ilə işğalçılara ağır zərbə vurub, işğal altındakı torpaqlarını azad edəndən sonra bu cür çərənləməsi və rus mediasının onu həvəslə tirajlaması da təsadüf deyil. Sərbəst yeriməyi və qidalanmağı bacarmayan Qorbaçov son günlərində də ermənilərə xidmətini davam etdirir. (axar.az)