Hərbi qulluqçuların uşaqlarına pullar hansı qaydada veriləcək?
Prezident "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun imzalayıb.
Sənədə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət veriləcək.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.
Bu qanun qüvvəyə minənədək "Sosial müavinətlər haqqında" qanuna əsasən, təyin edilmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinətlərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir. Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
Veriləcək məğləğin nə qədər olacağı barədə Sonxeber.az-a deputat Razi Nurulayev danışıb:
"Müddətli hərbi qulluqda, Qarabağ müharibəsi, Çernobil, Əfqanıstanda olmuş əlillərin övladlarına pul ödənilirdi və bunların məbləği müxtəlif idi. Bu qayda ilə odəməni başa düşmək çətinlik yaradırdı. Qanun və rəqəmlərin mürəkkəb şəkildə hesablanması bir çox insanlarda narazılıq yaradırdı.
Ona görə qanunun sadələşdirilməsi, yəni vahid formada optimallaşdırlması üçün qanuna dəyişiklik olundu. Sosial müavinətlər haqqında qanunda veriləcək pulların optimallaşdırılması öz əksini tapır. Veriləcək məğləğ bir qayda olaraq Azərbaycan Respublikası Prezidentinin onlara təyin etdiyi təqaüdün üzərinə əlavə olunacaq. Beləliklə, onlar bir məbləğdə həmin pulları alacaqlar. Ayrı-ayrı qanunlara uyğun olaraq, birinə 50, digərinə 60 manat hesablanmayacaq.
Məbləğin nə qədər olacağı barədə məlumatım yoxdur".