Dron zərbəsindən ölmüş erməni əsgərin atası şikayət edib
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Qarabağ müharibəsində həlak olmuş əsgərin atasının prokurorluğa verdiyi şikayət əsasında Ermənistanda N hərbi hissəsinin komandir müavininə cinayət işi açılıb.
Baş Prokurorluqdan verilən məlumata görə hərbi qulluqçunun atası bildirib ki, hərbi vəziyyət elan olunmasından və oğlunun Qarabağa göndərilməsi barədə xəbər almasından sonra hərbçiləri dəstəkləmək üçün o da öz avtomobilində cəbhəyə yola düşüb.
O iddia edir ki, komandirin əmri ucbatından oğlu və onun əsgər yoldaşları dron zərbəsinin qurbanı olublar.
Ermənistan Baş Prokurorluğundan verilən məlumatda deyilir:
“Məlumata görə o, hərbi hissə komandiri müavininin düşmənin zərbə PUA-sının səsinin eşidilməsinə baxmayaraq maşından çıxan əsgərlərə maşına qayıtmaq və təyinat yerinə hərəkəti davam etdirməkəmrini verməsinin şahidi olub. Əsgərlər belə də ediblər, lakin heç beş dəqiqə də keçməmiş dron zərbəsi nəticəsində Ural markalı maşın yanıb və məhv olub”.