2020-ci ilin 29 dekabr tarixində saat 10:00 radələrində Agentliyə Zəngilan rayonu Rəzdərə kəndi ərazisində körpünün altına partlayıcı maddənin qoyulması barədə məlumat daxil olub.
Lunar.az- ın məlumatına görə, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildirilib ki, daxil olmuş məlumata əsasən Agentliyin xüsusi mobil əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Zəngilan rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı kənd ərazisində olan körpünün altında düşmən tərəfindən qoyulmuş partlayıcı qurğu (tərkibi: 158 kq plastik partlayıcı maddə, 125 kq amonium-nitrat tərkibli partlayıcı, 4 ədəd elektrik detonatoru və 30 m detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib.
Agentliyin xüsusi mobil əməliyyat qrupları tərəfindən düşmən işğalından azad olunmuş rayonlarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.