Azərbaycanın əməkdar artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Səfərov vəfat edib.
Lunar.az-ın xəbərinə görə, bu barədə jurnalist Teymur Mahmudov məlumat verib.
Qeyd: A.Səfərov 1949-cu ildə Şabran şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən Atabala Səfərov həmin ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. 1972-1973-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra yenidən doğma teatra qayıdıb. Burada işlədiyi müddətdə bir neçə maraqlı obraz yaratmağa nail olmuş, özünü tamaşaçılara sevdirə bilmişdir. 1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışıb. O, "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Bir günlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s. kimi rollarda çıxış edib. 2012-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.