Bir neçə gün əvvəl sosial şəbəkə profilimdə Qazax rayonunun işğalda olan 7 kəndi haqda qısa bir post yazanda, onun geniş əks-səda doğuracağını təxmin etmişdim. Bu rezonansın səbəbi hər şeydən əvvəl tarixi ədalətin bərpası və dədə-baba torpaqlarımızın həqiqi sahiblərinə qaytarılması istəyidir.
Ancaq bu məsələyə münasibətin belə həssas olmasının başqa səbəbi də odur ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan bəyanatın (ilkin variantında) 2-ci bəndində Qazağın işğal edilmiş 7 kəndinin də Azərbaycana geri veriləcəyi qeyd olunmuşdu.
Xalq da ümidlə noyabr ayının 25-ni gözləyirdi. O ərəfədə Qazaxdakı qohumlar, sözlərinə və müşahidələrinə güvəndiyim dostlar işğal altındakı kəndlərdə müəyyən hərəkətliliyin başlaması haqda mənə xəbərlər yollayırdılar. Xəbərləri bir neçə dəfə dəqiqləşdirir və yoxlamağa çalışırdım. İşğaldan sonra o kəndlərə yerləşmiş ermənilərin canlarına necə vəlvələ düşəcəyini təxmin etmək çətin deyildi. Təxminlərim doğru çıxdı…
Maraqlı məqamlardan biri odur ki, Azərbaycana qaytarılacaq Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndlərindəki hərəkətlilik və gərginlik Qazax tərəfdən, yəni Azərbyacanda deyil, Ermənistan tərəfindən sezilir və müşahidə olunurdu.
Biz ermənilərə torpaqları tərk edin deyə heç bir ultimatum verməmişdik. Lakin hardasa 4 gün əvvəl Ermənistanın rayon təmsilçiləri kəndlərə gələrək, buraları boşaltmaq üçün “iynə üstə oturan” əhaliyə 10 gün vaxt verildiyini söyləyiblər. Təbii olaraq bu tələb ermənilər tərəfindən hiddət və narazılıqla qəbul edilmiş, hətta nümayəndələrlə aralarında qarşıdurma da yaranmışdı (Bu qarşıdurmanın bu gün də davam etdiyi deyilir).
İlk yazdığım postda Qazax camaatını səbrli olmasını, indiki etapda əsas hədəfimizin Qarabağ olduğunu vurğulamış, buradakı vacib işləri yekunlaşdırdıqdan sonra növbənin nəinki Qazağın kəndlərinə, hətta Tovuz rayonunun işğal edilmiş kəndlərinə və Naxçıvanda Sədərəyin Kərki kəndinə çatacağını da qeyd etmişdim.
Sonrakı günlərdə Qazax tərəfdən guya bəzi sülhməramlı qüvvələrin az saylı hərbi texnikasının Aşağı Əskiparaya giriş yaptığını, ANAMA-nın isə minaları təmizləmə prosesinə start verdiyi haqda məlumatlar da dolaşmağa başladı.
Təbii ki, bu məlumatlar mənim yaşadığım İstanbuldan əvvəl Qazaxa çatır, xalq arasında aparılan ənənəvi müzakirələr hadisəyə çeşidli rəng çalarları, qeyri-dəqiq faktlar və gözləntilər qatırdı. Mən də bir müddət gözləməyib, səbr etməyin ən doğru yol olacağını düşündüm və elə də yazdım.
Doğrusu, ümid edirdim ki, ya rəsmi bir məlumat, ya da hansısa bir açıqlama, yaxud bilgiləndirmə olacaq. Çünki Qazax camaatının nigarançılığına son qoymaq lazım idi. Hətta Bakıdan olmasa belə, rayon rəhbərliyinin məsələyə “yəqinlik hasil edəcəyinə” inanırdım. Ancaq belə bir rəsmi və yarı-rəsmi məlumat verilmədiyi üçün bu sətirləri yazmağa qərar verdim.
Qeyd etmək lazımdır ki, geri alınacaq kəndlərin 3-ü Azərbaycanın Ermənistandakı anklavıdır. Bu anklavlar Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir.
Düşünürəm ki, iş bu kəndlərin boşaldılması ilə bitməyəcək. Çünki ehtimal ki, bəzi ərazi mübadiləsi və bunun üçün bəzi əlavə razılıq və anlaşmalar da hazırlanmalıdır.
Beləliklə, mövcud vəziyyətin xülasəsini çıxaraq:
1. Qazaxın 7 kəndinin bir neçə gündür ki, boşaldıldığı haqda məlumatlar artmağa başlayıb və bu proses davam edir;
2. Evlərə od vurlulduğu haqda bilgiyə sahib deyiləm (görən o tərəfdəki ermənilər də Qarabağ erməniləri qədər alçaq və qansızdırlar? Ancaq
ilanın ağına lənət, qarasına da);
3. Köçün hansı tarixdə yekunlaşacağı bəlli deyil, ancaq müəyyən məlumatlar var ki, onları burada yazmağı doğru bulmuram, rəsmi xəbərin veriləcəyini gözləyirəm.
Bu xülasəyə bir cümlə ilə yekun vurmaq istəyirəm:
Qazaxın 7 kəndi də qaytarılacaqdır, çünki qarşımızda məğlub bir ölkə, kapitulyasiyaya imza atmış bir xain qonşu var. İstəyimiz halal torpaqlarımızı mümkün qədər sürətlə geri almaqdır.
Torpaqlarımızın geri qayıdacağına nəinki inanıram, buna əminəm. Bu fikrimi hətta Türkiyənin TV kanallarında da dilə gətirmiş, Türkiyə ictimaiyyətinin diqqətinə çatdırmışam.
Həm ata, həm də ana tərəfdən dədə-babalarım Qazax torpağında yatırlar. İncə Dərəsi – Aslanbəyli, Qaymaqlı, Kəmərli mənə nə qədər əzizdirsə, Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli də bir o qədər əziz və müqəddəsir…
Qarabağ Azərbaycandır, Qazax Azərbaycandır!//Yenisabah.az