Türk dünyası ölkələrinin gəncləri Şuşada bir araya gələcək
“İslahatçı Gənclər” İctimai Birliyi 2021-ci il Türk Dünyası ölkələrinin Gənclər Paytaxtı elan edilməsi üçün Beynəlxalq Kampaniyaya start verib.
Lunar.az xəbər verir ki, bu barədə birliyin sədri Fərid Şahbazlı məlumat verib.
O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 30 ildir ki, işğal altında olan torpaqlarımızı düşmən taptağından azad etdi:
“İşğaldan azad edilən torpaqlarımız arasında yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət beşiyi olan qədim Şuşa da var. 30 ildir ki, qədim mədəniyyət beşiyi Şuşanın torpağı, təbiəti kimi tarixi abidələri, mədəni irsi də işğal altında olub. Hazırda işğal edilmiş digər torpaqlarımız kimi, Şuşada da zəruri infrastrukturun, eyni zamanda tarixi və mədəni irsin bərpası üçün dövlətimiz tərəfindən mühüm addımlar atılmağa başlayıb”.
F.Şahbazlı bildirib ki, Şuşanın işğaldan azad edilməsindən sonra bütün dünyadan olan insanlar, xüsusi ilə də gənclər bu qədim şəhəri ziyarət etmək, onun tarixi irsi ilə tanış olmağa böyük maraq göstərir:
“”İslahatçı Gənclər” İctimai Birliyi olaraq, Şuşanın və onun timsalında Qarabağın tarixi irsini bütün dünyaya tanıtmaq məqsədi ilə xarici ölkələrdəki tərəfdaş təşkilatlarla birlikdə 2021-ci ildə Şuşanın Türk Dünyası ölkələrinin Gənclər Paytaxtı elan edilməsi üçün beynəlxalq kampaniyaya start vermişik.
Şuşanın Türk Dünyası ölkələrinin Gənclər Paytaxtı kampaniyası çərçivəsində Türk dünyasından olan gənclərin bu şəhərə səfərləri reallaşdırılacaq, Şuşanın tarixi və mədəni irsi, düşmənin qədim şəhərimizə qarşı törətdiyi vandallıqlarla bağlı konfranslar və müxtəlif tədbirlər keçiriləcəkdir.
Bu təşəbbüsə artıq Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikaları gənclərindən və digər türkdilli xalqların fəallarından böyük dəstək gəlməkdədir”.
Qeyd olunub ki, yaxın günlərdə kampaniyanın Təşkilat Komitəsi yaradılacaq və bununla bağlı müvafiq dövlət qurumları və beynəlxalq təşkilatlara müraciətlər ediləcək. /Modern.az/