Faiq Ağayev üçün bayram bayrama qarışıb: “Xoşbəxtəm!” – FOTOFAKT
“Bu gün Vətənimizdə Dirçəliş Günü qeyd olunan tarixdə həm də düz 32 il tamam olur ki, canı-qəlbdən, bütün varlığım ilə sevdiyim Sənətdəyəm.”
PostNews-ınməlumatına görə, bu sözləri Azərbaycanın xalq artisti Faiq Ağayev “Facebook” social şəbəkəsindəki səhifəsində qeyd edərək paylaşım edib.
Xalq artisti Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibəti ilə təbrik edib və ən xoş arzularını yazıb:
“İşğaldan azad olunmuş Azərbaycanın Xalq Artisti olmaq – tam ayrı bir duyğu, tam fərqli bir ləzzətdir! Bu illər ərzində əldə etdiyim ən böyük qazanc, ən miqyaslı nailiyyət, ən qiymətli xəzinəm sizsiniz – əziz, dəyərli, sevimli dinləyicilərim və tamaşaçılarım! Nə yaxşı ki, varımsınız! Milli Oyanış günümüz, Dirçəliş Bayramımız mübarək! Bayram bayrama qarışdı! Xoşbəxtəm!”
Faiq Balağa oğlu Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olub. O, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Peşəkar səhnəyə 1988-ci ildə gələn F.Ağayev, həmin il “Bakı Payızı-88” respublika müsabiqəsinin qalibi olub. Və müsabiqədən sonra “Qızıl Payız-89” respublika müsabiqəsində, Beynəlxalq “Vitebsk-90” müsabiqəsində, Beynəlxalq “Yalta-92” televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına “Xarkov-95” Beynəlxalq Retro mahnılar müsabiqəsində və “Qızıl Şlyager” – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlib.
Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayıb.