Nazirlik fermerlərə subsidiya ilə bağlı müraciət etdi
Kənd Təsərrüfatı Nazirliyi məhsul subsidiyası alan - pambıq, şəkər çuğunduru və tütün istehsal edən fermerlərə müraciət edib.
Nazirlikdən Lunar.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, fermerlər satdıqları məhsulla bağlı məlumatların tədarükçü tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində yerləşdirildiyinə əmin olmalıdırlar. Bunun üçün satılan məhsulun həcmi, məbləğini təsdiqləyən alqı-satqı müqaviləsini və qəbzləri tədarükçülər EKTİS-ə yükləməlidirlər. “Pambıq, şəkər çuğunduru və tütün istehsalçıları hansı tədarükçüyə və nə qədər məhsul satması barədə məlumatı özləri də EKTİS-ə daxil edirlər. Lakin bu məlumatları mütləq tədarükçülər təsdiqləməli və ya özləri birbaşa sistemə daxil etməlidirlər. Əks halda bu istehsalçılara məhsul subsidiyası hesablaya və ödəyə bilməyəcəyik”.
Qeyd edək ki, 2020-ci ildən başlayaraq bütün aqrar subsidiyalar EKTİS üzərindən müraciət əsasında Fermer Kartına ödənilir. EKTİS həm kənd təsərrüfatı məhsulları istehsalçılarının, həm təchizatçı və tədarükçülərin, həm də fermerlərə xidmət göstərən baytar, süni mayalanma mütəxəssislərinin qeydiyyatdan keçib, bir-biri ilə əlaqə qura bildiyi vahid aqrar platformadır.
2020-ci ilin subsidiya əmsallarına uyğun olaraq, fermerlərə dövlət büdcəsi hesabına tədarükçüyə təhvil verilən pambığın hər tonu üçün 100 manat, quru tütünün hər tonu üçün 50 manat, yaş tütünün hər tonu üçün 5 manat, şəkər çuğundurunun isə hər tonu üçün 4 manat subsidiya ödənilir.
Məhsul subsidiyası müəyyən edilmiş bitkilər üzrə məhsuldarlığın təşviqinə yönəlib.