Nikol Paşinyan: “Biz üçtərəfli razılaşmanı cırıb ata bilərik, ancaq bununla heç nə dəyişməyəcək”
Nikol Paşinyan: “Biz üçtərəfli razılaşmanı cırıb ata bilərik, ancaq bununla heç nə dəyişməyəcək” Erməni tərəfi Qarabağla bağlı üçtərəfli razılaşmanı cırıb zibil qutusuna ata bilər, ancaq bununla heç nə dəyişməyəcək. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsi zamanı bildirib.
“Biz bu sənədi cırıb ata bilərik, ancaq bunun nəticələrini düşünmək lazımdır. Əgər biz bunu etsək, o zaman demək ki, 10 noyabra qədərki vəziyyətə, yəni müharibəyə qayıdacağıq. Anlamaq lazımdır ki, bunun nəticələri olacaq”, – deyə N.Paşinyan bildirib. Onun sözlərinə görə, imzalanmış sənədi sərt şəkildə tənqid edən müxalifət daha əvvəl bu sənəddən imtina üçün heç bir təsirli yol təklif etməyib.
“Xankəndi müdafiəsiz qaldı, onun alınmasından sonra Əsgəran və Ağdərə də alınacaqdı. Nəticədə ön xətdə olan 20-30 min erməni mühasirəyə düşəcəkdi. Onlara arxa cəbhədən hücum ediləcəkdi, onların xilas olmaq üçün imkanı olmayacaqdı”, – deyə N.Paşinyan qeyd edib. Onun sözlərinə görə, müqavilənin bağlanması üçün danışıqlar prosesi hələ başlamayıb və bu proses də hələ uzun müddət davam edəcək. “Siz soruşursunuz ki, niyə məsələ parlament, müxalifət və başqaları ilə müzakirə edilməyib. Bu, əslində hərbi əməliyyatların operativ idarə edilməsi məntiqi çərçivəsində baş verdi. Bölmələrimizin yerdəyişməsi ilə bağlı hər məsələni parlament və ya müxalifətlə müzakirə etmək olmaz”, – deyə baş nazir vurğulayıb.