Türk və rus ordusunun Azərbaycana gəlməsi o deməkdir ki, Qarabağ... - DETALLAR
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Tarixi gündür. Razılaşmada nəzərdə tutulan şərtlər barədə geniş məlumat verildiyindən qeyd etmək istərdim ki, bu bəyanatda Dağlıq Qarabağ ilə bağlı hər hansı statusunun nəzərdə tutulmaması münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli deməkdir. Publika.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, növbəti 20 gündə Azərbaycanın daha 3 rayonu azad olunacaq və işğalçı ölkənin qoşunları ərazimizi tərk edəcək: "Artıq erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına başlanılıb. Digər tərəfdən, Rusiya sülhməramlıları ilə yanaşı qardaş Türkiyə ordusu da Azərbaycana gəlir. Anlaşmada Dağlıq Qarabağa xüsusi status nəzərdə tutulmadığı üçün Qarabağda yerləşən bütün şəhərlər və kəndlər Azərbaycan ərazisindəki yaşayış məntəqələri kimi iştirakçı ölkələr tərəfindən rəsmən qəbul olunur". Millət vəkili deyib ki, digər tərəfdən, bölgəyə azsaylı Rusiya sülhməramlılarının gəlişi şimal qonşumuzun ölkəmizdə hərbi baza yaratması anlamına gəlməməlidir: "Eyni zamanda, bölgədə qardaş Türkiyə sülməramlıları da olacaq. Bu isə o deməkdir ki, Qarabağda Türkiyə də sülhün qarantı olacaq".