44 günlük müharibədə tarix yazan Azərbaycan - TƏHLİL
Dünya ölkələrinin tarixində bir çox müharibələr, işğallar, geri qayıdışlar və qələbələr baş vermişdir. Azərbaycanın şanlı tarixinə 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Belə ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı.
Düşmənin ağ bayraq qaldırması ilə yanaşı uzun illərdir işğalda olan ərazilər də öz həqiqi sahiblərinə qayıtdı. Buna qədər 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edilmişdisə, Ermənistanın məğlubiyyətini etiraf etməsindən sonra qarşıdan gələn 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonlarından işğalçı qoşunların çıxarılması təmin ediləcək.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiyaya razılığını verdi. Halbuki Ermənistan hakimiyyəti Azərbaycanın dəmir yumruğunu öz üzərində hiss etməyənə qədər torpaqları geri qaytarmaqla razılaşmır, Şuşanı qondarma rejimin paytaxtı etmək istəyir və Azərbaycana qıcıq yaradacaq addımlar atırdı.
Ermənistanın 30 il ərzində yaratdığı ordu sadəcə 44 gün tab gətirdi və beləliklə, dünya ictimaiyyətində Ermənistan ordusu haqda yaranan yenilməzlik mifi puç oldu. Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə haqq mübarizəsinə qalxdı və düşməni iti qovan kimi öz ərazilərimizdən çıxardı. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir.
Bu müddət ərzində Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan rəhbərliyinə diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.
Bəzi ölkələr işğalçıya təzyiq etmək, zalımı dayandırmaq və sülh-əminəmanlıq yaratmaq əvəzinə, haqq mübarizəsi aparan Azərbaycana təzyiqlər göstərir, ölkəmizin öz torpaqlarını azad etmək və məcburi köçkünləri üçün yaşayış yeri təmin olunmasını uörunda apardığı mübarizəni dayandırmaq istəyirdi. Lakin Azərbaycanın rəhbərliyinin göstərdiyi iradə ölkəmizin nə qədər güclü və qətiyyətli olmasını nümayiş etdirdi.