Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Generalın ölümündən sonra könüllü olaraq orduya yazılan rus şəhidimiz - REPORTAJ

Generalın ölümündən sonra könüllü olaraq orduya yazılan rus şəhidimiz - REPORTAJ

Denis Proninin qızı Alina atası üçün çox darıxdığını deyir: “Atamsız çox darıxıram, çox... Azərbaycanı sevirəm. Amma atamı istəyirəm...”.

35 yaşlı şəhid Denis Proninin ailəsindəyik. Qəribə bir səssizlik hökm sürürdü şəhidin yaşadığı mənzildə. Ara-sıra 9 yaşlı qızı Alinanın səsi eşidilirdi. Balaca dostu Sergeylə oynayırdı. Sergey də Denis Pronini tanıdığını deyir. O da böyüyəndə döyüşçü olmaq arzusundadır: “Mən Denis kimi döyüşəcəm. Axı vətənim Azərbaycanı sevirəm”.

Denis oktyabrın 8-də doqquz yaşlı sevimli qızı Alinanın ad günündən bir gün sonra Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Milliyyətcə rusdur, dörd il əvvəl atasını, bir il öncə isə anasını itirib. Proninlər ailəsi köklü bakılıdırlar. Ailədə iki bacı, iki qardaş olublar. Atası Aleksandr neftçi imiş. Anası beton zavodunda kargüzar işləyirmiş. Bakıda 59 saylı orta məktəbi bitirib. Bir il sonra hərbi xidmətə yollanıb. İlyarım Gəncədə vətənə borcunu verdikdən sonra geri qayıdıb.

Aynur xanım deyir ki, Denis valideynlərinə çox bağlı olub, atasını-anasını itirdikdən sonra ən çətin məqamlarında təsəllisini yeganə qız övladı Alinadan alarmış.

Aynur xanım qarşılaşdıqları çətinliklərə baxmayaraq, Denisin həyatsevər biri olduğunu dilə gətirir. Deyir ki, heç kim və heç nə Denisi ruhdan sala bilməzdi. Xaraktercə təmkinli görünsə də, çılğın olub Denis. Bu ilin iyul ayında Tovuz döyüşlərindən sonra özünə yer tap bilmirmiş, elə hey Qarabağa getmək könüllü döyüşmək arzusunda olduğunu dilə gətirərmiş.

Beləcə, iyulun 14-də general Polad Həşimovun şəhid olduğunu eşidir. Səhəri günü ailəsindən xəbərsiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon şöbəsinə üz tutur və könüllü kimi döyüşməyə hazır olduğunu bildirir. Ona təşəkkür edib, “lazım olsa, çağırarıq” deyirlər. Nəhayət, az sonra öz istəyini gerçəkləşdirən vətənpərvər Denis Pronin yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. Oktyabrın 8-də Füzuli istiqamətindəki ağır döyüşlərin birində başından yaralanıb. Şəhidin həyat yoldaşı Aynur Əliyeva deyir ki, döyüşçü dostları onu cəbhə xəttindən çıxarsa da, həyatını xilas etmək mümkün olmayıb: “Əvvəlcə təlimə gedəcəyini dedi. Təlimə qatıldı, oradan vaxt tapdıqca zəng edərdi. İyul hadisələri zamanı bütün xalq ayaqda idi. Elə Denis də. Düz 30 ildir torpaqlarımız işğaldadır. Buna dözmək doğrudan da çətindir. O, Bakıda doğulub, Bakıda böyümüşdü. Özünü Azərbaycanın bir hissəsi hesab edirdi”.

Aynur xanım 10 illik ailə tarixçəsini vərəqlədikcə kövrəlir. Təsadüf nəticəsində tanış olub, bu tanışlıq isə sevgiyə doğru yol alıb. Cütlük evlənmək qərarı verəndən sonra ailələrində də buna etiraz edən olmur. Bir il sonra qızları dünyaya gəlir: “Çox ailəcanlı idi. Ailəsi üçün hər cür əziyyətə qatlaşardı. Qızını sevirdi. Onun arzularını gerçəkləşdirmək üçün əlindən gələni edərdi. Onun üçün hər şeydən öncə ailəsi və qızı idi. Qızımızla bağlı çoxlu planları vardı. Onu böyütmək, ali təhsil vermək ən böyük arzusuydu”.

Aynur xanım Azərbaycan dövlətinin ailəyə hər cür dəstək verdiyini də dilə gətirir: “Millət vəkilləri Qənirə Paşayeva, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin də bizi ziyarətə gəlmişdilər. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da ailəmizə başsağlığı verib. Nizami Rayon İcra Hakimiyyəti ailəmizi diqqətdə saxlayır”.

Qonşusu Samirə Həsənova Denisin bütün dostları tərəfindən sevildiyini deyir. Onun sözlərinə görə, heç kimi darda qoymazdı Denis. Bacardıqca qonşulara, dostlara yardım edərmiş: “Biz ailəvi dostuyuq. Aynur uşaqlarımın müəlliməsidir. Əslində Denisi də Aynura görə tanımışam. Denis haqqında nə deyə bilərəm? Ailəsini çox sevirdi. Biz onları hər yerdə birlikdə görmüşük. Hər gün səhəri qızı özü dərsə aparar, Aynuru da özü qarşılayardı. Ailəsinə, qızına çox bağlı idi. Onlar bir-birini sevirdilər. İndiki məqam hər birimizi kədərləndirir. Amma Alina üçün çox çətindir, o, atasına daha çox bağlı idi...”

İndi qəhrəman şəhidimizin ailəsinin bir arzusu var. Denis Proninin qanı yerdə qalmasın, vətən torpaqları işğaldan azad olunsun.

Şəhid Denis Proninin işıqlı xatirəsinə dərin ehtiramla...


Lent.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ